Reklam verin!

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 128
  • Ümumi hit: 46305

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

ANTIAXUN ( OV )

intizar85 İyun 1, 2008 19:35
ANTİAXUND(OV)
 

   Həmid Herisçi,
   İlhamiyyə Rzayeva

   
   
marakaqol@rambler.ru 
   

   TEZİS-ANTİTEZİS
   
   80-ci illərin sonunda, bizi axmaq yerinə qoymuş yenidənqurma qasırğası Sovet məmləkətini təzə-təzə silkələdiyi dönəmdə- muştuluğumuzu verin! - Azərbaycan Yazarlar Birliyinə qardaş Latviyadan aşağıdakı məzmunlu bir mübarək məktub gəlir: "Hörmətli yoldaşlar! Bizim latış ədəbiyyatını qardaş sovet xalqları ailəsinə daxil olan digər xalqların dilinə tərcümə etmək, bu sahədə tərcüməçilər yetişdirmək fikrindəyik. Xahiş edirik, Riqaya iki istedadlı şair göndərin ki, onlara latış dilini öyrədək".
   Tezliklə iki gənc yazar- şair Vəli Səyyadi, nasir İlyas Ərnəfəs şələ-küləsini belinə yığıb səfərə hazırlaşır, yaallah, lazımı təyinatla uzaq Baltika sahillərinə yollanır Bakının kirli-zibilli "Sabunçu" vağzalından.

Hər iki istedad sahibini yaxşı tanıdığıma görə həmin şad xəbəri eşidincə sevincim yerə-göyə sığmadı: " ay can, Riqaya gedib-gəlməyə əlimə yaxşı girəvə düşdü, Allahdan qismətimmiş, gərək bu imkandan dibinəcən istifadə edim, SSRİ-nin Avropasını görüm, bilim dünyada nə var, nə yox". Mətləbi çox uzatmayaq, az sonra mən də yoldaşlarımın arxasınca özümü verdim Baltik dənizinin soyuq sahillərinə.
   Dostlarım pürrəngi çay dəstgahını yadırğayıb, ətirli qəhvəyə keçdikləri vaxt mən artıq Riqadaydım.
   Vəliynən İlyas başınadöndüklərim Riqada tələbə həyatının bütün dramaturgiyasını var gücləriylə yaşadıb inkişaf etdirirdilər- şəhərin baş kilsəsinə həsədlə uzaqdan-uzağa baxar, yerli şairləri bir zibil bilməz, yaxındakı ərzaq dükanına baş vurub bir-iki şüşə araqla səliqəli yataqxanaya qayıdar, səhərəcən ədəbiyyat haqda özü kimiləriylə söz güləşdirərdilər.
   Səhərin yerini günortaya verib gec vaxtlar yuxudan oyanar, başları dumanlı, sifətləri solğun şəkildə bir müddət çaş-baş qalar, öz adlarını xatırlayınca ayıldıqlarını hiss edərdilər. Belə vaxtlarda İlyas həmişə əsnəyə-əsnəyə əlinə alman filosofu Arnold Şpenqlerin "Avropanın qürubu" əsərini götürər, başlardı onu bittə-bittə, vərəq-vərəq oxumağa.
   Həmin andaca kimsə latış ləhcəsiylə rus dilində səslənərdi:
   - İlyas, Avropa yox, sən qürub edirsən günortanın bu vaxtında!
   
   * * *
   Hə, vaxtı çox uzatmayaq, şirin xatirələrimə daldığım daha yetər. Onların yumşaq yerinə bir təpik! İnnən belə sizlə fəlsəfi-nəzəri söhbətlər edəcəm ancaq, Arnold Şpenqler barədə daha geniş miqyaslı bir söhbətə dəvət edəcəm hamınızı. XX əsrin ilk rübündə alman beyinlərini silkələyən bu mütəfəkkir-alimin baş qayəsi, belə deyək, çox da qəliz deyildi: Dünya tarixi, bir-biriylə qətiyyən əlaqəsi olmayan mədəniyyətlərin çiçəklənib sonra qürub etməsi ərafında cərəyan edib. Qısaca, mədəniyyətlər doğulur, yaşayır, axırda qocalıb ölür…
   Bəli, Şpenqlerin bu tezisi bütün XX yüzil boyu çaşqın beyinlərə, hətta İlyas Ərnəfəsə belə dinclik vermədi, hamı Avropa mədəniyyətinin ölümə məhkum olduğu qənaətinə baş əyib pessimizmə yuvarlandı. Ətirli qəhvədən bir-iki udum alıb SSRİ-nin süqutunadək susmaq qərarına gəldi.
   XX əsrin sonunda təxminən həmin fikirlərin bir başqa cür təbliği Frensis Fukayamanın "Tarixin sonu" əsərində təkrarlandı- yenə də pessimizm, yenə də çaşqınlıq, "ideya, mərkəz, insan, Allah, ədəbiyyat, müəllifin ölümü" barədə cansıxıcı söhbətlər. Postmodern boşboğazlıq…
   Bəli, Şpenqler də, Fukayama da ortaya tulapayı bir saqqız, elmi dillə desək, "tezis" atıblar. Ancaq biz sovet adamlarıyıq ee, "Gənc qvardiya" qasırğasından çıxmış sovet adamları! Vaxtilə elmi kommunizmdən imtahan vermişik, bilirik ki, dahi alman filosofu Heqelə görə, "tezis" olan yerdə "antitezis" də var! "Sintez" isə onların mübarizəsindən sonra yaranır. "Dialektika" elmi, yaxşı bilin, məhz onların ziddiyyətindən-vəhdətindən doğulur, ay yazıqlar.
   Lenin, Trotski həmişə buna itaət edərək marksist dialektikaya möhkəm tellərlə bağlı olsalar belə, kepkalı-kitelli stalinizm dövrü bu sahəyə tam bir tərəfli yanaşma tətbiq etdi. "Tezis"lərin "antitezis"ləri qulaqardına vuruldu, "ziddiyyətlərin bəhsi" - yəni dialektika ləğv olundu, orta əsr Şərq poeziyasında olduğu kimi "meyvələrin bəhsi" janrı hakimiyyət kürsüsünə qalxıb ordan öz kasıb nitqlərini söylədi.
   Lakin dialektikaya sahib çıxsaq görərik ki, psevdosovet dövründə müzakirə mövzusu olan "Avropanın qürubu" kimi bir "tezis"in, heç bilməmişdik, bəli, "antitezisi" də mövcudmuş! Karl Xausxofer ismi məsəlçün sizlərə indi nəsə deyirmi görəsən, ay bisavadlar? Psevdosovet dönəmində onun çap olunmamağı ucbatından biz həmin müəllifin antişpenqler olduğunu bilmir, son nəticədə "mədəniyyətlərin qürubu" mövzusuna dialektik gözlə baxmırdıq. Xausxofer isə "mədəniyyətlərin qürubu" tezisinə qarşı "yeni mədəniyyət, siyasət mərkəzləri yaradaq!" antitezisini ataraq alman təfəkkürünü daha da zənginləşdirmiş, onu dekadans ovqatından ayıraraq yenidən Dionis misteriyasına qaytarmışdı.
   Artıq söz lazım deyil. Xausxofer kimi canavarı götürüb Fukayama üzərinə burax, gör o, necə Harvard universitetinin uca hasarları arxasına atılaraq canını həmin bu alman yırtıcısından qurtarır!
   Yəni, elmi təfəkkür belə deyir: bir "tezis"in irəli sürülməyi heç də böyük məsələ deyil, əsas həqiqət o vaxt başlayır ki, onun "antitezisi" olsun!
   Həqiqət o vaxt başlayır ki, Şpenqlerin antitezisi Karl Xausxoferdə, Erik Mariya Remark kimi yazıçının antitezisi, eşidin, Ernest Yunqer kimi bir başqasında səslənir. Bu halda ay bərəkallah, ortaya dialektika çıxır. Böyük alman fəlsəfi-ədəbi fikri, Heqelin dialektikasından qidalandığı ucbatından, həmişə həmin ziddiyyəti tam şəkildə yaşayıb, qısası, tezislərin önünə antitezislər qoyub həmişə.
   Beləysə boynumuza alaq: Remarkın antitezisi sayılan Ernest Yunqeri oxumadığımız üçün, ay zəhrimar, demək ki, göyə dırmaşsaq belə onların hər ikisini dərk edə bilmərik. Deyəcəksiz ki, o nə söhbətdir, biz həmişə Remarkın qəhrəmanları ilə sevişmişik, "Zəfər tağı" əsərindəki doktor Ravik, gözəl Joan atamız-anamızdı bizim, müqəddəs bütlərimizə pəl vurmayın, biz Remarkı həmişəyaşıl ağac bilib onun ədəbiyyatdakı yerini kimsə bir başqasına vermərik!
   Verməyin. Verməyin, Allah atanıza rəhmət etsin. Remarka olan sevginiz çoxdu? - sürtün onu başınıza! Ancaq bunu da, osmanlılar demiş "bilməyiniz gərəkir" - özünü aldatmayın, Raviklə Joanın Parisdəki qızğın eşq macəralarını həyatda yaşayan heç də Remarkın özü olmayıb! Olmayıb, vəssəlam. O, Parisdə, Amerikada alman kinoaktrisası Marlen Ditrixlə burjua həyatı yaşayaraq əsərlərinin qəhrəmanlarını kandarına belə buraxmayıb! "Antiremark" sayılan Hitler ordusunun zabiti Ernest Yunger barədə isə onu deyə bilərik ki, Raviklə Joanın məhəbbətini, işə bir bax, bəli, məhz bu yazıçı yaşayıb. Özü də kimlə? Paris ədəbi bohemasının dan ulduzu, mühacir azərbaycanlı yazar gözəl Ümmülbanu ilə! Paradoksu hiss etdinizmi, ay mənim bədbəxt oxucularım?
   Remark, yaxşı bilirsiz, antifaşist idi, "Zəfər tağı" romanında onun doktor Raviki, qəfildən qeyrətə gələrək faşist zabiti fon Haakeni öldürür. Aldanmayın söz yığını olan yazılı ədəbiyyata, əsl həqiqət dialektikaya tabe olaraq tam ziddiyyətlidir - Fon Haakeni xatırladan SS qruppanfüreri Ernest Yunger imiş əslində həmin eşq macəralarını Parisdə azəri gözəli Ümmülbanu ilə yaşayan! Bu da sizinçün antiremark faşist yazıçısı! Ümmülbanu bu qədli-qamətli, iti çənəli faşistə üç-dörd babat roman həsr eləyib, ölənəcən onunla məktublaşıb.
   Yunger öz əsərlərində "polad necə bərkidi" fəlsəfəsi ilə yaşayaraq Remarkın sentimental qəhrəmanlarına gülür, bəxtsiz romantiklərə meydan oxuyur, "dəmir pəncə" idrakıyla üzünü xoş gələcəyə sarı tutsa da, ancaq tərsliyə bir bax, gerçək həyatda tam romantik mövqe tuturmuş. Sən demə, antifaşist Remark deyil, nasist Yunger imiş əsl doktor Ravikin təcəssümü!
   Çox vaxt adi dialektika, məntiq dünyası fəlsəfi ziddiyyətləri həll etmək işində - unutmayın! - öz məqsədlərinə çatmır, acizliyindən paradokslara verir onların həllini.
   Paradoks olan yerdə isə məntiq, dialektika bitir, insan zəkasının girə bilməyəcəyi bir qüvvə bizləri öz əmrinə tabe edir, son nəticədə, adını bəh-bəhlə çəkdiyimiz dialektika özünüinkara yuvarlanaraq, öz ardınca bir deyil, üç nöqtə qoymaq məcburiyyətində qalır. Alman filosofu Heqel "ziddiyyət dediyimiz həqiqətin kriteriyasıdır" ideolaqeması altından təsadüfən qırmızı xətt çəkməyib.
   
   
RUHLARIN DİVANI
   

   Məqaləmizin "mıs-mıs"ı bitdi, keçirik onun "Mustafa"sına. Yaxşı, bəs azərbaycan mütəfəkkirləri necə, onlardamı Almaniyadakı kimi həmişə öz "antitezis"ləri ilə üzbəüz tək qalıblar? Məsəlçün, götürək maarifçi yazar, dramaturq Mirzə Fətəli Axundovu. Kimdir onun antitezisi? Axı, bayaq yuxarıda dediyimiz kimi, həqiqət o vaxt üzə çıxır ki, bir tezisin qarşısına onun antitezisi çıxsın. Özü də yaxşı olar ki, eyni çəkili bir subyekt şəklində. Təkcə bir subyektiv mövqeyi əks edən tezis öz antitezisini yaratmayıbsa, buna çox da sevinməyin, düşünməyin ki, hə, deməli, bizim Axundovumuzdan bir dənədi. Qaranlıq otaqda qara pişiyi mütləq tapmaq lazımdır.
   Demək, dialektikamız zəifdir bizim. Belə hallarda fəlsəfi fikrin inkişafı oynaq dramuatrgiyadan məhrum olur. Hardasa oxumuşam ki, fəlsəfi-bədii əsərlərin əsl müəllifi onları yazan kəslər deyil, həmin əsərlərin dramaturgiyası olur. Onun yaranması üçün isə iki, bəzən daha çox zidd qütblərin varlığı lazımdır.
   Beləysə, boynumuza alaq, əgər Axundovun antitezisi bizlərdə yoxdursa, kül başımıza. Yaxşılıq baxımdan bu hal bizlərə heç nə vəd etmir.
   Həə, gəlin, zərrəbin götürüb həmin antitezisi mədəniyyətimizdə axtaraq.
   
   * * *
   Bu yaxınlarda şəhərimizdə görün nə baş verib -Demokratik İslahatlar Partiyası "RİA-Novosti" informasiya agentliyi qərargahında müzakirə təşkil edib. Mövzu "Azərbaycanda maarifçiliyin inkişafı"na həsr olunub, Asim Mollazadə, Rəhman Bədəlov, Niyazi Mehdi, Əli Əkbər kimi tanınmış imza sahibləri aləmə hay-haray çəkiblər ki, bəs, biz batdıq, ölkəmizdə Axundovun başladığı maarifçilik işini yenidən dirçəltmək gərəkdir, yoxsa İran mollaları bizi orta əsrlərə sürükləyəcək.
   İnciməsinlər, iradlarımı söyləyim həmin kəslərə. Bütün dünya xalqları "maarifçilik" dövrünü əslində qısa bir zamanda keçirib, məsəlçün, Baltikyanı ölkələr bu işə 30-40 il vaxt ayırıblar, vəssəlam, sonra savadlanıb düşüblər öz işlərinin arxasınca, yaxud yekəbaşlıq göstərib başlayıblar Nitsşeni öyrənməyə. Bizdəysə bu yazıq maarifçiliyin ömrü deyəsən, çox uzun çəkdi axı, özü də, inanın, əslində çox biabırçı bir vəziyyətdə olduğumuzdan xəbər verir bu. İkincisi, yaddan çıxmasın, ən vacibi - son dövr ədəbi-mədəni icmamız, bir düşünün yaxşı-yaxşı, hansı böyük mütəfəkkiri, filosofu yetişdirib ki, biz onu görək, gedib ətəyində öz demokratik namazımızı qılaq? Deyəcəksiz ki, yox, indi filosofumuz tutaq ki, lap yoxdur, noolsun ki. Axundov ki var, təsiri bu günümüzədək yaşayır, dingildəyir, bəs, onu yenə də əlimizdə bayraq edib xurafat üzərinə hücumun ikinci dalğasını qaldırmalıyıq.
   Məncə bu belə deyil.
   İndiki qarışıq dövrümüzün, inanın, böyük, özü də çox böyük filosofu mövcuddur artıq, sadəcə biz bir çox həqiqətləri görmək istəmədiyiz kimi onu da görmək istəmirik.
   Bu kəs, Moskvada doğulmuş vətənimizin bir parçası, böyük mütəfəkkir Heydər Camaldır desəm inanın ki, yanılmaram.
   Etiraz edib onun Rusiyada yaşadığını desəz, cavabım hazırdır- Axundov da heç Azərbaycanda deyil, Tiflisdəki rus məmurları arasında fəaliyyət göstərib- filosoflar bir qayda olaraq adətən öz doğma vətənlərindən kənarda qərar tuturlar- Nəsimi, Füzuli, Şəms Təbrizi, Eynəlqüzzat Miyanəci, Şahəbəddin Sührəvərdinin adlarını çəkmək elə kifayətdir.
   Heydər Camal yaradıcılığının sözün hər mənasında antiaxundov mahiyyəti daşıması da, bəli, burda lap yerinə düşür. Demək, son dövr Azərbaycan fəlsəfi fikri nəhayət ki, öz oxu ətrafında 180 dərəcə dövr -rəqs!- etməyi bacardı, Axundov həmin bu mənada öz antitezisini tapdı nəhayət ki. Demək, şükür sən, ay Allah, fəlsəfi şüurumuz öz dialektikasını axır ki tamamladı, əks qütblərini işarələyib sözün əsl mənasında öz ziddiyyətli dramaturgiyasına hərəkət vermə imkanı yaratdı.
   Lakin insaf xatirinə onu da qeyd etməliyik ki, Heydər Camal son dövr xarabaqalmış postsovet aləminin, xüsusən Rusiyanın da ən gözədəyər sonuncu filosof-mütəfəkkiri də sayılmalırdı. Qəribədir, Rusiya fəlsəfi fikri məhz Heydər Camal sayəsində öz əhatə dairəsinə islamı qəbul edib, onun ən ülvi, mübariz cəhətlərini öz kontekstinə köçürüb, bu dəfə Qərbə deyil, məhz yaşıl bayraqlı islama üz tutub.
   Heydər Camal simasında Rusiyanın sonuncu filosofunun müsəlman mütəfəkkiri olması da futuristik öncəgörmələr baxımından da böyük əhəmiyyət kəsb edir.
   
   * * *
   Heydər Camalı bir alim-mütəfəkkir kimi Axundovla birləşdirən çox incə bir tel var- onların ardıcıl, amansız antiaxund mahiyyəti, yəni antiklerikalizmi. Lakin həmən bu oxşarlıq, qısa ömürlü olub tez də bitir. Mirzə Fətəli üçün axundlar islamın, küllən qoca Şərqin simasıdırsa, Heydər Camal üçün axundların, klerikalların ibrahimi dinlərinə qəti dəxli yoxdur - klerikallar peyğəmbərlərə qədərki kahin tayfasının özüdü ki var, onlara imkan versən bütün dünyanı ehkamlaşdırıb xurafata, cansız-ruhsuz simvollar şəbəkəsinə çevirərlər, Qurani-Kərimi əsas götürsək, molla tayfasının islam ümməti içində heç bir leqitimliyi ola bilməz. Dünya fəlsəfi elmində klerikalizmə vurulan zərbəni son dəfə Heydər Camal təyin edib desək inanın ki, yanılmarıq. Yəni Heydər Camalda fikir verin, Axundovun antiaxundluğu daha ciddi, daha dərin şəkildə əks olunaraq özünün ən yüksək zirvəsinə yüksəlib. Lakin Axundovun antiaxundluğu heyif ki, yalnız Qərb mənşəlidir, Heydərdə isə onun gur qaynağı elə islamın öz daxilindən gəlir. Heydərdə antiklerikalizm təkcə elə kahin kastasının tənqidi ilə kifayətlənmir - Qərb dünyasını bürümüş müxtəlif mason lojaları, siyasi-ezotorik pərdəarxasını, min cür dona bürünmüş əksər müsəlman sufiliyini də Heydər gizli klerikalizm sayır, bu qənaətini çox dərin fəlsəfi araşdırmalarıyla elmi şəkildə sübut edir.
   Xəbəriniz olsun - Mirzə Fətəli klerikalizmə "yox!" deyib onları "maarifçi-ziyalı" kastası ilə əvəz etmək niyyətindəydi. Ancaq burda o, sonadək tam səmimiyyətli deyil, "oxu atıb yayını gizləyir". Deyəcəksiz "noolub belə, gün hardan çıxdı, ay harda batdı, bəs neyçün belə fikirləşirsiz?" Deyirəm "neyçün" - əvvəla, bilin, Mirzə Qafqazdakı üst düzən rus məmurları, gürcü, erməni maarifçiləri kimi həm də gizli mason idi - özü də, masonluğun Şotlandiya təliminə qulluq edirdi, yəni gizli-açıq şəkildə Britaniya ilə əlaqədəydi. İran frankmasonluğunun banisi, erməni əsilli "vəziri-kəbir" Mirzə Melkum xanla sıx əlaqələri vardı, onların məktublaşmağı sənədlərlə sübut edilib, həmin məktublar Londonda, Britaniya kitabxanasında qorunur - professor Həmid Məmmədzadənin "Axundov və Şərq" kitabını oxuyun, vəssəlam. Yəni, Axundov köhnə Şərq klerikalizmini rədd etsə də, onu, ziyalı "axundluğu" ilə, yəni masonluqla əvəz etmək xəyallarındaydı.
   Heydər Camal isə klerikalizmi inkar edərkən başqa cür düşünür, onu "kşatriya", yəni hərbi kasta nümayəndələri - mücahid, inqilabçı fədailərlə (özü də intellektual fədailərlə!) əvəzləməyi lazım bilir, yəni bir əldə kitab, digərində tüfəng! Yəni, maarifçilərin dediyi kimi intelligentlər yox… Bir də "yox!"…diqqət edin, intellektuallar, özü də silahlı intellektuallar ictimai şüurumuzun rəhbəri olmalıdırlar…
   Mirzə Fətəli dövründəki rus maarifçiləri də eynən Heydər kimi düşünür, hərbi "inqilabçı" sinifinə birincilik verərək "intelliqentliyi" qapıdan qovur, inqilabçı "intellektuallığı" rus xalqına bayram hədiyyəsi kimi təqdim edirdilər. Axundovun "intelliqent, ziyalı-bürokrat" kastasına üstünlük verməyi, bəli, XX yüzildə xalqımızı hərbi-inqilabçı düşüncədən məhrum etdi, onu yadelli işğalçıların yeminə çevirdi. Onu zəiflətdib elədi "bir qəpiklik"…
   Rusiyada isə bu xətt 1917-ci ildə millətin tam qələbəsi ilə bitdi. Bu cür qələbələr isə həmişə ölməzdir.
   Çağdaş Rusiya intellektualları "60-cılar" simasında imperializmə "gözün üstə qaşın da var!" demədən onu satdı - bəli, bunu da yadımızda saxlayaq.
   Türklər demiş, "qafanıza takılsın" - ziyalı zümrəsi, hakim istismarçı siniflərlə həmişə "razılaşma" üsullu alverə gedir, özünü də, xalqını da London "Sotbi" hərracında satışa çıxarır. Ona həmişə, Lenin demiş, "təslimçilik" xüsusiyyəti xasdır.
   
   VƏHDƏTİ-VÜCUDUN İNKARI
   
   Klerikalizmin, kahin tayfasının (Heydərə görə bura ziyalı kastası da daxildir!) fəlsəfi əsaslarını ən dərin qatlarınadək əvvəl tədqiq, sonra inkar etmək - Heydər Camala görə, islamın "yeni siyasi teologiyasını" yaratmaq baxımından bunun müstəsna əhəmiyyəti var. Axundov isə həmin vacib mövzunu sadəcə işarələyir, fəqət tədqiq etmir, nəticədə onun antiklerikalizmi Şuşa dağlarında Qaladərəsinə səslənən ritorika təsiri bağışlayır. Deyəcəksiz bizə ki, "neyçün antiklerikalizmlə bunca başımızı ağrıdırsız?"
   Necə "neyçün?" Çünki siz psevdomaarifçilər, sıralarınıza Axundov da daxil olmaqla, klerikalizmi islamdan ayırmaq istəmirsiz.
   Heydər Camal istedadı, bax burda bizim təslimçi, təftişçi ziyalılara öz lazımı cavabını verir, islamı klerikalizmdən azad etmək kimi ağır bir düsturun həllini axtarıb tapır: "İslamın başlıca hədəfi məhşər günü, dəqiq desək axirət sevdasıdır. Yəni adı böyük hərflə yazılacaq "Futuroloji gələcək" . Klerikallar isə onun zaman anlayışını bu gələcəkdə deyil, uzaq keçmişdə görmək istəyir, köhnə, nastolji rəvayətlərlə başımızı qatırlar. Şiə məzhəbi təkcə dekadans ruhlu mərsiyəxanlıq deyil, onun canlı cövhəri gələcəyi səsləyən mehdiçilikdir, yəni İmam Mehdi intizarı! Yəni, sözün əsl mənasında "inqilab". Bu layihə mollaların yox, bir də yox, ancaq kşatriyaların, fədailərin, mücahidlərin layihəsidir. Məhz İmam Mehdi misteriyasında islamın modernistik sifəti tam mənada üzə çıxır. Yalnız orda islam moderni çağdaş postmodernə qalib gəlir".
   İntellektual mücahid təbəqəsini islam ümmətinin mərkəzinə qoyan, məhşər günü, Qeyb imamın zühurunadək onların leqitimliyini tanıyan Heydər Camalda bütün söhbətlər orta əsrlər xurafatından, sxolastikasından tam azaddır. Onun əsərlərində bütün bunlar ən müasir Qərb təfəkkürü ilə də izah olunur - məsəlçün, İmam Mehdi misteriyası Camala görə insanın gizli psixoloji imkanlarının son anda üzə çıxmasıyla əlaqədardır, yəni, gəlin bütün bu mənzərəni, həmişəki kimi, uşaq multfilmi kimi qavramayaq, K.Yunqun təlimini köməyə çağıraq, "analitik psixoloji" analiz vasitəsiylə sübut edək Qeyb imamın zühurunu.
   Məhz burda Heydər Camal öz fəlsəfi dayaqlarıyla bilirsiz kimi xatırladır? - Şah İsmayıl mehdiçiliyini! Heydərdə Azərbaycan fəlsəfi məktəbinin bu vacib şərti yenidən bərpa olunur, bu xətt, Axundov kimi maarifçilərin üzərindən adlayıb yenidən xalqımızı qanlı fəlsəfi döyüşlərə dəvət edir.
   Mücahidlərin, yəni "tanatos"- ölümə aşiqlərin, indiki dövrdə ilahi leqitimliyini sübut edən Camal, tək elə bu iddiası ilə kifayətlənmir. "İslam cümhuriyyəti", "dövlət" ideyasını "taqut" adlandıraraq, mücahidlərə onu "camaat" (yəni "sovet") özünüidarəetmə modeliylə əvəzləməyi məsləhət görür. Axundovun girmədiyi kola baş vurur, ölkə idarəetmə mexanizminə yeni çalarlar gətirir. Bəzi klerikalların dəstəklədiyi "islam cümhuriyyəti", Camala görə, İbn əl-Ərəbi məktəbinin savunduğu "vəhdəti-vücud", yəni, banal "panteizm" fəlsəfəsindən qaynaqlanır. Heydər bu müddəanı islamla müqayisədə tam yanlış olduğunu sübut edərək üstünlüyü Simnaniylə birgə Sirhəndinin irəli sürdüyü "vəhdəti-şühud" ideoloji postulatına ötürür, kahinlərin "vəhdəti-vücud", mücahidlərin isə "vəhdəti-şühud"a qulluq etdiyini göstərir. Dediyimiz müddəaların birincisi "dünyadakı bütün varlıqların vəhdətində" Alahın varlığını sübut etməyə çalışırsa, ikincisi, ilahi zərrəni yalnız insanda, özü də, şəhadət şərbətini içənlərdə axtarır.
   Heydər Camala elə bu lazımdır.
   
   * * *
   Klerikalizmin fəlsəfi əsasını təşkil edən "vəhdəti-vücud"u tənqid edərkən Heydər onun ən qorxulu şəkillərini, heyrətlənməyin, islamı qəbul etmiş fransız filosofu Rene Qenonda, onun yaratdığı "tradisionalizm" məktəbində tapır. Bilindiyi kimi, Rene Qenon öz tədqiqatlarında bütün ilkin ənənəvi dini bilgiləri bir yerə yığaraq onların cəmindən, toplusundan "tradisionalizm" elmini yaratmışdı. Guya ki, həmin biliklər sonrakı "kala-yuqa"-qara dövranda tənəzzülə uğrayıb, ilkin vahid mənasını itirərək "travestiya"ya, yəni dəyişkənliyə məruz qalıb. Heydər "tradisionalizm"i inkar etmir, lakin onu peyğəmbərlərin deyil, kahinlərin dini bilərək "kahin-peyğəmbər" antaqonizmində bütün bunlara xüsusi araşdırmalar həsr edir.
   Qenonizmi, tradisionalizmi inkar edərək onun yerini islam modernizminə verir. "Ənənəvi təfəkkür"ünsə yalnız kahin kastasına qulluq etdiyini bütün dəlillərlə sübuta yetirir.
   Axundovun sübut edə bilmədiyi antikahinliyi elmi baxımdan leqitimləşdirir.
   
   * * *
   İndisə bir qədər Heydər Camalın siyasi fəaliyyəti barədə.
   
   MAYKL LEDİN
   
   Siz heç tələsməyin, hələ gedin Heydər Camalın "Neoleninizm kak doktrina XXI veka" məqaləsini bir oxuyun, görün orda "İnqilab" ideoleqemasını Heydər hansı elmi səviyyəyə qaldırıb… Postmoderndən modernə gedən yolları necə aydın şəkildə işarələyib.
   Bəli, biz indi postmodern bir dövrdə yaşayırıq. Utanmayın, "bunun əsas xüsusiyyətləri nədir?" sualını bizə verin. Qısa cavabımız hazırdır - bu dövrdə bir çox ənənəvi mövzular, tutaq ki, lap "İnqilab" konusu, tam əks məna daşımağa başlayaraq 180 dərəcə taravestiyaya uğrayır. Dönüb olur son nəticədə əksinqilab. Dünya sol hərəkatı son vaxtlar müəyyən uğursuzluqlara düçar olub öz gücünü itirdiyinə görə onun nəinki xalq mülkiyyəti, hətta ideoloji mirası da imperializm tərəfindən özəlləşdirilir - "qırmızı inqilablar" yerinə "narıncı inqilablar" kabusu yaradılır, "imperializm" məfhumu dönüb olur "qlobalizm". Yəni, kapital dünyası köhnə marksist terminologiyasını əsir götürərək onu öz dilinə tərcümə edir, başlayır ondan öz məqsədləriyçün istifadə etməyə. Trotskinin "permanent inqilab" nəzəriyyəsini indiki vəhşi imperializm "permanent siyasi-etnik böhranlar" şəklinə salır, onun köməyiylə başlayır Qarabağ, Kürdüstan, Çeçenistanda olduğu kimi bölgələri idarə etməyə. Bu siyasi fəndin müəlliflərindən biri barədə gəlin sizə xarici mətbuatın yazdıqlarını nümunə gətirək:
   "Bir var Ben Laden, bir də var Maykl Ledin. Hətta adları belə oxşardır. Amma oxşayır ki, birincisi ikincinin qondarmasıdır. Kimdir Maykl Ledin? Bu yaxınlarda ABŞ ın 43-cü prezidenti kiçik Buşdan soruşanda ki, nə üçün o, ən məsuliyyətli və kəskin məqamda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini dəyişməkdən çəkinmir, o, cavab verir ki, özünün şəxsi kəşfiyyatı var ki, Lenqlidən olanlar onunla müqayisədə ikinci dərəcəli rol oynayırlar. Üstəlik əlavə də edib ki, onun şəxsi kəşfiyyatı hər şeydən öncə vitse prezident Çeynidir. Çeynidən isə soruşanda ki, öz işində hansı informasiyaya istinad edir, o , cavab verir ki, bu, onun ən yaxşı dostu, bu dünyada hər şeyi bilən Maykl Ledindir.
   Həmin adam son 40 ildə dünya "kölgə" siyasətində çox mühüm rol oynayır. Konspiralogiya haqqında, qəsdləri düşünən adamlardan danışılanda Maykl Ledinin adı birinci sırada çəkilməlidir. Onun adı İtaliyanın "Propaqanda-2" və ya "P-2" kimi tanınan mason lojasının rəhbəri Liço Cellinin öldürülməsi ilə bağlı situasiyada ciddi surətdə hallandırılıb. Bəzi məlumatlara görə, onun İtaliyada siyasi çevriliş hazırlayan neofaşistlərlə də çox ciddi əlaqələri olub. Aldo Moronun oğurlanması və qətlinin təhqiqatı zamanı bu cinayətin təşkilatçılarından biri olduğu barədə ciddi dəlillər üzə çıxıb. O, ABŞ dövlət departamenti apparatında böyük Corc Buşun yaxın məsləhətçilərindən biriymiş.Hazırda isə Amerika Sahibkarlıq İnstitutunun direktorudur. Vitse prezident Çeyninin arvadı isə onunla yanaşı kabinetdə işləyir, Ukraynanın indiki prezidenti Viktor Yuşenkonun arvadı Kler Çumaçenko isə dövlət departamentində onun rəhbərliyi altında çalışıb".
   
   * * *
   Maykl Ledin kimilər indi çoxdur, hərəsi adını politoloq qoyub dünya mətbuatında ağzına gələni yazır- iz azdırmaqdan ötrü.
   Tələsmək lazımdır, yoxsa Ledinlər marksizmi təhrif edib onu imperialistlərin istifadəsinə verərlər.
   Lakinqoy hamı bilsin, indi dünya inqilabçılarının Heydər Camal kimi filosofu var - o, icazə verməyəcək bütün bu qara niyyətlərin həyata keçirilməyinə.
   Bu dəfə, islamın siyasi teologiyası neoleninizmlə birləşərək öz gücünü bütün dünyaya göstərəcək.
   İnşallah!
   21 əsr Aəzərbaycan fəlsəfi fikri Heydər Camal simasında Şah İsmayıldan sonra yenidən dünya meydanına atılır.

Şərhlər(0) Baxış sayı:66 ANTIAXUND ( OV ) antiaxundov 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com