Reklam verin!

Blog Haqqında

intizar85
Ey gözləri yollarda qoyan yar, qiyam et,
Yol gözləyən aşiqlərini naili-kam et,
Kafirləri, münkirləri, müşrikləri ram et,
Ei Ali-Peyəmbər uca təxtində məqam et,
Cəddin buyuran hüccəti əzm ilə təmam et.

Axtarış

Arxivlər

Dost bloglar

Sorğu

Həqiqi müntəzir kimdir?




Sayqaç

  • İndi blogda: 8
  • Keçən ayın hiti: 5288
  • Dünənki hit: 255
  • Bugünki hit: 137
  • Ümumi hit: 46314

Müxtəlif

ZÜHUR

Onun gəlişi ilə...

“Antiaxundov” yazısı üzərinə tənqidi baxış

intizar85 İyun 1, 2008 19:47

 13-04-2008

Güntay Gəncalp
guntay_gencalp@yahoo.com

 “Antiaxundov” yazısı üzərinə tənqidi baxış

   Şah İsmayıl, "Xilaskar Mehdi anlayışı" və Şərq Cəhaləti
   
  
 "Alma" qəzetinin ötən saylarının birində “Antiaxundov” (Həmid Herisçi) adlı bir yazı yayınlanıb. Azərbaycan düşüncə həyatında Axundovun önəmi və bəzi dostların da istəkləri üzərinə bu mözuyla bağlı dəyərləndirməmi oxucuların diqqətinə təqdim edirəm.
   
   Azərbaycan düşüncəsində Qərb axımı
   
   Azərbaycan düşüncə həyatında Qərb mədəniyyəti ilə bağlı üç axım mövcud olub. Birinci axım Qərbin elmi, fəlsəfi, insan haqqları anlayışlarını, sekulyar və demokratik nailiyyətlərini bütünlüyü ilə qəbul etməyi zəruri hesab edirdi. Qərb metodologiyası insanı, varlığı, sosial ədaləti elmi şəkildə qavrama yolundadır. Şərqə düşən əsas vəzifə Qərbi öyrənmək və Şərqi qərbləşdirməkdən ibarətdir. Qərbçi axımın düşüncəsi bundan ibarət olmuşdur. Bu axım belə hesab edirdi ki, Şərqin qaranlıq dünyasını aydınladacaq işıq Qərbdədir. İnsanın azad və tərəqqi yolunda yaşamasına xidmət edəcək sistem hardadırsa onu qəbul etmək lazımdır. Şərqdə olduğu kimi, Qərbdə də bu azadlıq anlayışı yolunda bir çox düşüncə adamı din mərkəzli məhkəmələr tərəfindən məhv ediliblər. Ancaq Qərbdə sonunda bilim, fəlsəfə, ədalət, insan haqqları və demokratiya anlayışları qalib gəlib. Şərqdə isə din Orta Əsrlər bütün amansızlığı ilə davam etməkdədir. Qərb mədəniyyəti azad yaşamaq istəyən insanların ortaq nailiyyətləridir. Onu sırf Qərb məsələsi saymaq doğru deyildir. Bu axımın başında böyük fikir adamı M. F. Axundov durmaqdadır. Türkiyədə isə Türk aydınları qərbləşməklə adamlaşmaq terminlərini sinonim kimi işlədirdilər.

 Azərbaycanda ikinci düşüncə axımı belə hesab edirdi ki, öz kökümüz üstündə qərbləşməliyik. Öz dəyərlərimizin bütünüylə ortadan qalxmasını önləyib və Şərq-Qərb sintezi olaraq mədəni bir proje gəlişdirməliyik. Bu axımın ən bariz nümayəndəsi Əhməd bəy Ağaoğlu olaraq bilinməkdədir. Ancaq bu axım öz dəyərlərimiz dediklərində nəyi saxlayıb, nəyi buraxmalıyıq haqqında bilgi vermirdilər. Çünki Şərqin insan haqlarını rəsmi olaraq tanımayan dəyərləri bütün toplumların düşüncə və inanclarını sarıb-sarmışdır. Fərd haqları isə heç olmamışdır. Törələr, inanclar qorxunc şəkildə insan həyatına, xüsusən qadın həyatına qıymışdır. Bu üzdən də zaman keçdikcə bu axımın modern qismi istər-istəməz axundovçuluğa, mühafizəkar kəsimi isə dinçiliyə sövq ediblər.
   Üçüncü axım isə bütünüylə Qərb dəyərlərini inkar edir, Qərbi imperialist və istilaçı olaraq görürdü. İmperialist Qərbə qarşı isə yalnız və yalnız bir düşüncə tərzini önərirdilər: İslam dəyərləri. Bu axım din mərkəzli düşündüyü üçün Qərbin müsbət dəyərlərini də görə bilmirdilər. Çünki ortada islam-xristianlıq təzadı durmaqda idi. Bu şəkildə radikal davrandıqları üçün dərin dini dəyərlərə əsaslanırdılar. Qərb mədə-niyyəti qarşısında islam mədəniyyətini qoyur, islam birliyini müdafiə edirdilər. Qərbdəki texnoloji inkişaf Qərbin imperialist niyyətlərinə xidmət etdiyi üçün onu da inkar edirdilər. Azərbaycanda bu axımın başında isə Seyid Cəmaləddin Əsədabadi (Əfqani) dururdu. (Cəmaləddin Əsədabadi Güney Azərbaycanın Həmədan şəhərinin yaxınlığında olan Əsədabad qəsəbəsində doğulub, ancaq məzarı Əfqanıstanda olduğu üçün Əfqani adı ilə tanınıb.) Seyyid Cəmaləddin bu radikal görüşündən dolayı, radikal siyasi davranışları və terroru da öz məqsədinə çatmaq üçün istisna saymırdı. Bu üzdən də Seyyid Cəmaləddinin planı və sifarişi ilə Qərbə nisbətən yaxınlaşmaq istəyən Nasirəddin Şah Qacar terror edildi.
   Bu üç cərəyanın özlərinə məxsus dəlilləri olub. Lakin bunların içində M.F.Axundov bir ayrıcalıq təşkil edir. Çünki Axundov sadəcə Azərbaycanda deyil, bütün Şərqdə modernləşməni başladan ilk mütəfəkkirdir. Daha sonra gələnlər az-çox Axundovdan istər müsbət, istər mənfi anlamda təsirlənmişlər. Məsələn, Ziya Göyalpdan tutmuş İsmayıl bəy Qaspirallıya və Qacar ölkəsinin aydınlarına qədər böyük bir coğrafiyada Axundov öz təsirini buraxmışdır. İsmayıl bəy Qaspirallı N. Nərimanova və Nəcəf bəy Vəzirova yazırdı ki, Siz heç biriniz Axundov kimi yaza bilmir, Axundov kimi milləti aydınlada bilmirsiniz. Modern İran aydınları isə çox geniş şəkildə Axundovdan təsirləniblər. İranda Axundovun yaradıcılığını, görüşlərini təqdir və tənqid edən onlarca araşdırmalar aparılmış, bu haqda bir çox kitablar yayınlanmışdır. Qatı dinçi kəsim isə öz fanatik görüşlərini əsaslandırmaq üçün yenə də Axundovla qarşı-qarşıya gəlmişlər. Çünki Axundov işığını boğmadan, onu söndürmədən dini cəhalətə yer verməyin mümkün olmayacağını yaxşı anlayırdılar. Bu üzdən bütün Şərqdə demək olar ki, Axundov hər zaman yeri görünən ziyalı və ya islamçıların baxışı ilə söyləsək, "ruhən və fikrən Qərbə satılmış bir şəxsiyyət" kimi daima gündəmdə olub.
   
   
Axundovçuluğun yaranma tarixi
   
   Axundov eylə bir aydınlıq zirvəsidir ki, dünyanın hər tərəfindən görünməkdədir. Şərqin dinçi və heç bir düşüncə, yaxud dini plüralizmə haq tanımayan qaranlıq mədəniyyətində Axundov ilk dəfə olaraq sekulyarizm sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olması zərurətini müdafiə etmişdir. Daha sonra Axundovu tənqid edənlərin çox bəsit məntiqləri ilə rastlanırıq. Çünki bu tənqidçilər öz metodlarını Şərq dini ədəbiyyatını Axundov qədər oxumadan qurublar. Məsələn, Səfəvilər dönəmində yazılan dini kitabların və dini təfsirlərin bircəsi belə kifayətdir ki, bu millət əbədi olaraq qaranlıqda qalsın.
   Axundovla eyni əsrdə İran məkanında dini islahatların tərəfdarı olan Babilik, Bəhailik ortaya çıxmışdı. Dini institutların fətvası üzərinə hamısının kökünü, rişəsini kəsdilər. Minlərcə insanı qətlə yetirdilər. Bu mənada sekulyarizmi həm də dini plüralizm şəklində anlayan Axundovun necə bir cəsarət göstərdiyini indiki zamanda bəlkə də çətin anlaya bilərik. Əlbəttə ki, Axundovun və axundovçuluğun ortaya çıxmasında iki əsas faktor rol oynayıb:
   1. Tarixi İran mühitindən qopma. Hər bir qopma həmişə özüylə bir yenilik gətirər. Min illik qaranlıq mühitdən qopma fərqli düşüncənin yaranmasına zəmin yaratdı. Böyük düşüncələr, millətlərin həyatındakı önəmli dəyişikliklər hər zaman tarixi, kültürəl dəyərlərin uçurulması və ya transformasiyaya uğraması ilə ortaya çıxır. O mühitdən qopma, o mühitin təhlükələrindən qurtulma axundovçuluğu doğurdu. Azərbaycan aydınlarının fərqli düşünə bilmələri üçün uyğun ictimai mühit yarandı.
   2. Rusiyanın təsiri. Rusiyanın XIX əsr mədəniyyəti onun işğalı altında olan millətləri də təsirləndirirdi. Ayrıca, Rusiya vasitəsi ilə Qərb mədəniyyəti ilə tanışlıq bir şans idi. Ən önəmlisi isə rus hüquq sisteminin din xadimlərinin ölüm fətvası çıxarmasını əngəlləməsi, yaşamaq və düşünmək üçün bir fürsət yaratdı. Rus hüquq anlayışı öz təbəələrinin şəriət yasaları ilə öldürülməsini önləmişdi. Yoxsa Osmanlıda və Qacariyədə olduğu kimi Axundovu da məhv edərdilər.
   İşin ən maraqlı tərəfi budur ki, bu gün ərəb ziyalıları keçmişdə Qərbin işğalında yaşadıqları dönəmi altun çağ adlandırırlar. Çünki məsələn, Mərakeş kimi Fransa istilasında olmuş ölkələrdə bu gün dünyəvi dövlət sistemi hakimdir, qadınların da siyasətə qatılma haqları var. Ancaq məsələn, Ərəbistanda qadının avtomobil sürmək haqqı belə, yoxdur. Məhz bu kimi örnəklərə əsaslanaraq Axundov və axundovçular belə hesab edirdilər ki, Şərqin orta çağ qaranlığından qurtuluş açarı özündə deyil, Qərbdədir.
   Axundovçuluq bitməmiş aydınlanma projesidir. Çünki aydınlıq dinin siyasi-ictimai mövzu deyil, yalnız fərdi mövzu olduğu sekulyar ortamda mümkündür. Axundovçuluq üzərinə daha sonra düşüncə sərmayəsi yatırılmadı və ya çox zəif şəkildə yatırıldı. Daha sonrakı dönəmdə kommunizm də bir din kimi qəbul edildiyi üçün hər cür düşüncə plüralizmi yasaqlandı.
   Bu gün dinçiliyin yenidən insanların sosial və fərdi həyatına müdaxiləsi baş qaldırdığı üçün Axundova ehtiyac hiss edilməkdədir.
   
   Tezis və antitezis nədir?
   
   Axundovun qarşı çıxdığı, yıxmaq və uçurmaq istədiyi irticai həyat və düşüncə tərzi hələ də davam edir. Hələ də insanlar öz ağıllarını, yaradıcılıq, kəşfetmə enerjilərini məzara gömərək xilaskar “mehdi” gözləməkdədirlər!
   Heydər Camalın Axundovun antitezisi olduğu söylənilir. Öncə bu tezis və antitezis qavramlarına aydınlıq gətirək. Hegelin dialektikasının əlləri üstə durduğunu iddia edən Marks və Engels onu ayaqları üstünə gətirdiklərini söyləyirlər. Hegeldə ailə- tezis, cəmiyyət- antitezis, dövlət isə sintezdir. Dövlət, yəni bütün təzadların və enerjinin mərkəzləşdiyi siyasi, iqtisadi, mədəni, hərbi qurum. Bu üzdən də hər bir fərd öz ailəsinin güvənliyi səbəbi ilə dövlətin qurulmasına yardımçı olmalıdır. Çünki dövlət sistemində mənfi enerji də müsbət enerjiyə, yaradıcı qüvvəyə dönür. Marks və Engels bunu tarixi və sosial plana daşıyaraq, tarixdəki ictimai quruluşların bir-birinin antitezisi olaraq yozurlar. Bu arada bunu da israrla qeyd etmək lazımdır ki, həm Hegel, həm də Marks və Engels Avropanın aydınlamasında təsirli olan böyük şəxsiyyətlərdir. Dünyada Marksı və Engelsi ən pis anlayan birisi varsa, o da Lenin olmuşdur. Məhz tezis və antitezis qavramlarının sosial quruluş və ictimai həyat şərtləri, təkamüllə bağlı olduğu bəllidir. Çünki elmi bilginin heç bir zaman antitezisi olmaz. Məsələn, 2x2=4. Bunun antitezisi nədir? Bunun antitezisi cəhalətdir.
   İnsan həyatında mövcud olan və təcrübədən keçmiş bir çox bilgilər də antitezisdir. İnsan bilgiləri ümumən 3 bölümdən ibarətdir:
  
 1. Elmi bilgilər.
   2. Elmi problemlər.
   3. Mistik izahlar.
   Axundovun da müdafiə etdiyi modernizm məhz antitezissiz bilgidir. Onun bir antitezisi var: Xürafata inam, “mehdi”nin xilaskar şəklində gələcəyini qəbul etmək! Bu antitezis deyildir. Bu inancdır və elmlə də heç bir əlaqəsi yoxdur. Yəni nə elmi bilgi ilə əlaqəsi var, nə də elmi problemlə. Mistik və mifik izahların nəticəsidir. Çünki elmi baxımdan bir insanın qeyb olub min illər boyunca yaşaması mümkün deyildir. İnsanın hüceyrələri, yaradılışı buna imkan vermir. Modernizmin necə önəmli bir mövzu olduğu məhz bu məqamda ortaya çıxar. Modernizmin antitezisi yoxdur. Çünki o daimi hərəkətlilikdən ibarətdir. Modernizm, yəni durmadan hərəkət etmək. Hərəkətin antitezisi nədir? Durğunluq. Planetlər, həyat öz hərəkətliliyindən dura bilərmi? Dura bilməz. Demək ki, Axundovun müdafiə etdiyi sekulyarizm həyatın və varlığın ruhuna uyğun bir görüşdür. Dinçilik isə durğunluqdan yanadır. Çünki dinçilik bütün həqiqətlərin bir mərkəzdə olduğunu deyir, insan zehninin isə yalnız və yalnız onun üzərində çalışmasını istəyir. Min ildən artıqdır ki, islam şərqində tərəqqi yoxdur. M.Ə.Sabir demişkən: “Əvvəl nə idiksə, yenə biz şimdi həmanız”.
   Şərq durmuşdur. Şərqdə hərəkət dinamik deyildir, mexanikdir. Heç bir düşüncə və texnologiya istehsal edə bilmir. Qərbin istehsalatını maddi-mənəvi nə varsa istehlak edir. Bunu M.Ə. Sabir və digərləri rişxəndlə və bəzən də Şərqin dəyərlərini, hətta aşağılayaraq yazmışlar. Şərqdəki çalışmalar elmi çalışma deyil, inanc və ibadət çalışmasıdır. Bu üzdən də Şərqdə heç bir tərəqqi və gəlişmə mövcud deyildir. Çünki Şərqin kültürü öz insanlarının zehnini inanc sahəsinə qapayıb, orada həbs etmişdir. Ancaq hətta islam özü də etirazla başlayıb etirafa gəlməyi önərir. İslam “La-yox”la başlayır. Allah yaratdıqları ilə bağlı məsuliyyət daşıyır, Allahı da sorğulamaq, sorğu-suala çəkmək mümkündür. Bu, Allaha heç bir zərər verməz. Zatən Allah özü də “Höccətimiz tamam olsun deyə peyğəmbərləri göndərdik”- deyir. Yəni Allahın insana verdiyi ağıl Allahı da sorğu-suala çəkə bilər və Allah bunun fərqindədir. Çünkü insan beynini kainata və elmə açan fəlsəfi şübhədir. Bunu H. Cavid gözəl anladır:
  
 “Şübhə artarsa həm yəqin artar
   Mərifət nuru şübhədən parlar.”
   Bəzi Batı bilim adamlarının avtoritetlərinə sığınaraq və ya onları yanlış anlayaraq xətalı görüşləri müdafiə xeyir verməz. Şpenqlerin “mədəniyyətlərin doğuşu, yüksəlişi və çöküşü” formulu mübahisəli mövzudur. O zaman, öncə bu sualı verək. Mədəniyyət nədir? Roma bir mədəniyyət sistemi idi, yoxsa bir siyasi quruluş? Çökən onun mədəniyyəti idi, yoxsa onun dünya görüşü və siyasi sistemi? Nədən o zaman bu gün də Senekanın əsərləri oxunur? Nədən çökdüyü sanılan yunan mədəniyyəti yenidən yüksəldi? Nədən renesans öz qaynağını və əsasını əski yunan mədəniyyətindən götürdü. Deməli mədəniyyətlər ölmür. Ölən başqa şeylərdir. Çökən mədəniyyətin maddəsidir, onun mənəviyyatı və ruhu ölməzdir. Günümüzdə də Şumerlərin zehni nailiyyətləri həyatımıza təsir edir. Amma biz bunun fərqində deyilik.
   Mədəniyyətə necə tərif vermək olar? Elmi yüksəlişə və insan zehninin genişlənməsinə imkan verən, onu durğunluqdan çıxarıb hərəkətliliyə sövq edən, rahat həyat, özgürlük yaradan enerjinin adı mədəniyyətdir. Mədəniyyət hərəkətin nəticəsidir. Hərəkətin öz fərqinə, şüuruna varmasıdır. Riyazi qanunlar qədər insan həyatına və təbiətə təsir edən heç bir şey yoxdur. Göyləri də riyazi qanunlarla kəşf edirlər. Bu qanuniliyin çökməsi mümkündürmü? Kimsə düzbucaqlı teorem haqqında Pifaqor teoreminin keçərsiz olmasını eşidibmi? Əksinə, bu gün də göylərə yüksəlmək üçün də bu düsturdan faydalanırlar. Deməli bir imperatorluğun çöküşü bir mədəniyyətin çöküşü anlamında deyildir. Osmanlının çöküşü ilə mədəni çöküşün nə əlaqəsi var? Zatən Osmanlıda mədəniyyət yox idi, inanc var idi. Əhalisinin tam əksəriyyətinin yazıb-oxumağı bacarmadığı bir imperatorluq necə mədəni ola bilərdi? Mədəniyyətlər kitablarla, zehnin imkanlarının genişlənməsi ilə inşa edilib. Bu növ inşa edilən isə tarixdə qalmışdır, insanların həyatına, davranışlarına yansımışdır.
   Deməli, Şpenqlerin görüşü haqqında düşündüyümüz zaman öncə “mədəniyyət nədir?” sualına cavab vermək gərəkdir.
   
   Axundovun antitezisi Şərq cəhalətidir
   
   “Avropa mədəniyyətinin ölümə məhkum olduğu qənaətinə baş əyib pessimizmə yuvarlandı.” Bu cümləni də eyni məntiqlə təhlil etmək və yalanlamaq mümkündür. Avropa mədəniyyəti nədən çöksün ki? Avropa mədəniyyəti elmi mədəniyyətdir. Bunun içində olan xoşagəlməzlikləri bu mədəniyyətin çöküşü üçün səbəb olaraq göstərmək dinçi, durğun zehniyyətlərə xasdır. Avropa mədəniyyəti dini və inancı insanın sosial həyatından sıxışdırıb, özəl həyata yerləşdirdiyi üçün ən böyük uğuruna imza atıb. Modern mədəniyyətin ən böyük kəşfi də bundan ibarətdir. Avropa mədəniyyətinin çökməsini arzu edərək “fəlsəfə” qurmaq başqa şeydir. Məhz bu zehniy-yət Qərbin beyin məşqinin nəticəsi olan bir çox dəyərləri boşboğazlıq adlandırır. Postmodernizm boşboğazlığı” söyləmək ilk öncə modern mədəniyyətə qarşı savaş açmaqdır. Çünki postmodernizm hər şeydən öncə modern olmağa israr edər. Habermasın da söylədiyi kimi, hələ yarımçıq bir proje olan postmodernizm ən çox dil və dilçilik elmi sahəsində yeniliklərə yol açmışdır. Bunu modernizmin antitezisi olaraq görmək, belə bəsit yanaşma ilə yozmaq doğru deyildir.
   Yenə də qayıdaq Axundov məsələsinə. “Boynumuza alaq, əgər Axundovun antitezisi bizlərdə yoxdursa, kül başımıza.” Axundovun antitezisi (əgər bu qavramlarla olayı təhlil etsək) niyə yoxdur, var. Axundovun antitezisi bu günkü Ərəbistandır, İrandır, Əfqanıstandır və islam haqqını insan haqqının yerinə qoyan islam dünyası və islam “aydın”larıdır. Axundovun antitezisi bütün Şərq tarixi, ictimai davranışları və fanatikliyidir. İnsan haqqını anlamaq istəmədikləri üçün islamı da siyasətə, sərmayəyə alət edən islam ölkələrinin əksəriyyətidir. Axundovun antitezisi bütün Şərqin qaranlıq tarixidir. Çünki Axundovun düşüncəsi Şərqin qaranlıq dünyasını tənqid edərək formalaşıb. Axundovçuluğun təməl istəyi tarixi mif və inanc yatağından çıxarıb bilim sahəsinə yönəltməkdən ibarətdir. Şərqdə şiddət enerjisi hələ də bilimsəl plana daşınmamışdır. Çünki Şərq kültürü insanın təbiətində mövcud olan enerjini elmi plana yönləndirməkdə istəkli deyildir, şiddət planına istiqamətləndirməkdə istəklidir. Nədən? Çünki heç bir rasional və intellektual devrimi Şərq öz düşüncə həyatında ardıcıllığı ilə gerçəkləşdirmədi.
   “"Maarifçilik" dövrünü əslində qısa bir zamanda keçirib, məsəlçün, Baltikyanı ölkələr bu işə 30-40 il vaxt ayırıblar.” Belə anlaşılır ki, bu sətirlərin yazarı Baltikyanı ölkələrlə müsəlman ölkələrinin sosial və tarixi statusları haqqında gərəkən bilgiyə sahib deyildir. Nədən? Çünki Şərq ölkələrində çox güclü tarixi determinist basqı və determinist psixologiya mövcuddur. Bu determinizm dünəni bu günə daşımaq istəyər. Bu üzdən də bu günü anlamaq istəməz, keçmişə qapanıb qalar. İslam şərqinin kültüründə öndən irəliyə doğru sövq edəcək finalist psixologiya, hədəf və enerji mövcud deyildir. Elə isə Baltikyanı ölkələrin finalist kimlikləri və kültürləri var. Yəni köhnə dəyərlərin günümüzə müdaxiləsi Baltikyanı ölkələrin dünyaya baxış tərzində, inanclarında daha zəifdir. Şərq isə dünənindən ayrılmaq istəməmişdir. Təkamül isə bu ayrılmanın nəticəsidir. Maarifçilik deyilən anlayışın da gerçək fəlsəfəsi dünəni və onun gündəmini tarixə buraxıb, həyat duyğuları ilə dopdolu modern gündəm oluşdurmaqdan ibarətdir. Qərb insanı gələcəkdə nə olacağının həyəcanını yaşayarkən, Şərq insanı əskimiş, qoxumuş, durğun keçmişin nostalgiyası içində duyğulanıb durur. Zatən “Antiaxundov” məqaləsinin də müəllifi bəlkə də özəl həyatındakı sıxıntılar dolayısıyla indiki zamandan bütünü ilə qopub tarixə baş vurur və harada aydınlıq və düşüncə işığı görmüşsə dərhal söndürən Şah İsmayıllardan və onların qaranlıq dünyalarından qurtuluş gözləməkdədir.
   Tarixin basqısından ayrıla bilməyən toplumların maariflənməsi çətin, çox çətin məsələdir. Tarixi bilgi sahəsi olmaqdan çıxarıb, onu inanc və şüur yatağı olaraq görən fanatik dinçilər və mühafizəkar mürtəce milliyyətçilərin indiki zamanı anlamaları mümkün deyildir. Bizim tariximizdə sərmayə biri kimi mövcud olmayıb. Yaxşı yaşamaq və yeniliklər isə birikmiş sərmayənin nəticəsidir. Örnək olaraq “Antiaxundov” yazarının qürur duyduğu Səfəvilər zamanında oğul atanın yerinə keçdiyində daha köhnə ictimai sərmayə və ictimai şəbəkə olaraq nə varsa, hamısını məhv edib, yenidən öz zövqünə görə quraşdırırdı. Bu üzdən də bu gün, məsələn, Səfəvilərdən qalma heç bir Sərmayəyə, hətta İsfahan istisna olmaqla, heç bir doğru-dürüst memarlıq nümunəsinə rast gəlmirik. İsfahanın Ermənilər, Gürcülər tərəfindən şəkillənməsi isə başqa bir mövzudur və bu haqda Nasir Purpirarın araşdırmalarını oxumaqda fayda var.
   
   Qəzzali Şərqin zehnini təqlidçilik qaranlığına gömdü
   
   Şərqdə fəlsəfə olmamışdır. Şərqdə böyük şərhçilər, təfsirçilər olmuşdur. Dantenin və Bertrand Rasselin də bəlli etdikləri üzrə ən böyük şərhçi isə İbni-Rüşd olmuşdur. Nədən fəlsəfə olmamışdır? Fəlsəfənin doğuşu üçün 3 ünsür bir yerdə özgürlük ortamında ələ alınmalıdır. Yəni dil, düşüncə və varlıq ünsürləri özgür bir ortamda zehnin yarğısına sunulmalıdır. Əslində isə fəlsəfənin orta dirəyini oluşduran dildir. Şərqdə isə təbiətində fəlsəfi dərinlik barındıracaq bir dil əsla doğmadı. Ərəb dili ən böyük təfsirlərin yazıldığı və antifəlsəfi yapıda gəlişmiş bir dil şəklini almışdır. Fars dilinin kəsinliklə fəlsəfi alana girməsi mümkün deyil. Dilin strukturundakı əksikliklər buna izn vermir. Türk dili isə yalnız son 100 ildə şəhər həyatı içində yazı təcrübəsi qazanmağa başlamışdır. Türkiyə türkcəsinin fəlsəfəyə girmə yolu son 80 ildə açılmışdır. Bu baxımdan Axundov bir filosof olmaqdan daha çox gerçək bir ziyalı idi. Yəni türkcənin də fəlsəfə sahəsinə giriş yolunu açmaq istəmişdir. Yəni Axundovun ziyalılıq missiyası çox genişmiqyaslı olmuşdur. Ziyalılığının iki yönü mövcud idi
   
1. Qərb mədəniyyətini Şərqdə əks etdirmək.
   2. Şərqin fanatik və özəlliklə xilaskar “mehdi” gözləmə xəstəliyini ifşa etmək.
   Bu iki istiqamətdə heç kimsə Axundov qədər Şərqin aydınlanmasına xidmət etməmişdir. Bu üzdən də həm qaranlıqsevərlər, həm də aydınlıqsevərlər daima Axundovla qarşı-qarşıya gələcəklər.
   “Rusiya fəlsəfi fikri məhz Heydər Camal sayəsində öz əhatə dairəsinə islamı qəbul edib, onun ən ülvi, mübariz cəhətlərini öz kontekstinə köçürüb, bu dəfə Qərbə deyil, məhz yaşıl bayraqlı islama üz tutub.” Çox ciddi məsuliyyət gərəkdirən iddiadır. Yəni Rusiya fəlsəfi fikrinin dərinlikləri haqqında geniş araşdırma aparmadan Heydər Camalın belə təsirli rol oynamasını söyləmək nə inandırıcıdır, nə elmi. Bir dəfə qırmızı bayraqla inqilab gerçəkləşdirərək Rusiyanın gəlişməsini əngəlləyən rus xalqı bu dəfə də yaşıl bayraqla inqilab edəcək dərəcədə geri zəkalı olmamalıdır. Sınanmışı təkrar sınamaq mütləq cəhalətdir. İstər Heydər Camal olsun, istərsə bir başqası, öz fəlsəfəsini yayğınlaşdırmaq üçün Qərb metodologiyasına hakim olmalıdır. Hələ məzmun bir yana dursun, məzmunun anlatım və tanıtımı üçün Qərbin fəlsəfi təcrübələrinə ehtiyac var. Sadəcə bir cümlə ilə Rusiya aydınlarının yaşıl bayraqlı islama üz tutmasını söyləmək elmiliyə dayanmaz. İslamla bilgi olaraq ilgilənmə başqa şeydir, islamı bir yaşam biçimi olaraq qəbul etmək başqa şey. Sibirin soyuğunda bədənin hərarətini qoruya bilmək, yaşaya bilmək üçün şərab içməyə ehtiyac var. İqlim islamın sərt disiplinlərini qəbul edə bilməz, Hindistan iqliminin qəbul etmədiyi kimi. Hindistanda həm ərəblər, həm farslar, həm də türklər saysız adam başı kəsdilər ki, islamı qəbul etdirsinlər. Hindistanın Türküstana, İrana və Ərəbistana bənzər xaos coğrafiyası olan Pakistan və Əfqanistanın böyük bir qismi həmən islamı qəbul edərkən, onun bolluq və ormanlıq iqlimi islamı qəbul etmədi. Çünki o coğrafiya üçün bu disiplinlər keçərli deyildir və bu disiplinlərlə oralarda yaşamaq olmaz. Bu arada bunu da qeyd edək ki, fəlsəfə islam coğrafiyasına bolluq coğrafiyasından gəlib: Yunanıstandan.
   VIII əsrin ikinci yarısı və XI əsrin birinci yarısına qədər Abbasi xilafətinin rəsmi dövlət ideologiyası Mötəzilə məzhəbi idi. Mötəzilə məzhəbi nisbətən rasional idi və bir çox hallarda vəhy və ağıl qarşıdurmasında vəhyi bir yana buraxıb ağılı tərcih edirdilər. Mötəziləyə görə həm vəhyin, həm də ağlın qaynağı Tanrıdırsa, nədən bu ağıldan da istifadə edilməsin? Bu üzdən də bu dönəmdə yunan zehniyyəti ərəb dilinə tərcümə edildi. Bu tərcümələr böyük zehni inqlaba səbəb oldu. Fərabi və İbni Sina kimi mütəfəkkirlər də bu dalğanın nəticəsi idi. Bu dönəmi Əbureyhan Biruni yaxşı dəyərləndirmişdir. Biruniyə görə, Şərq mədəniyyəti Hindistana və Çinə məxsusdur, islam şərqinə deyil. İslam şərqindəki mədəniyyət Yunan mədəniyyətinin surətidir. Əbureyhan Biruninin bu təsbitini Zəki Vəlidi Tuqan da öz əsərlərində işlətmişdir. Daha sonra Mötəzilənin dönəmi qapandı, özəlliklə Məhəmməd Qəzzali Şərqin zehnini təqlidçilik qaranlığına gömdü. Riyaziyyat və fəlsəfə yasaqlandı. Fəlsəfə ilə uğraşanlar mülhid və mürtəd adlandırıldı. Qəzzali ünlü “Tühafət-ül fəlasifə” (Filosofların eybəcərlikləri) adlı əsərində fəlsəfəni boş bir şey adlandırdı. Qəzzalinin bu dəyərləndirməsini bir əsr sonra İbni Rüşd tənqid etdi və “Tühafət-ül Tühafə” (Eybəcərliklərin eybəcərlikləri) adlı kitabını Qəzzalinin tənqidinə həsr etdi. İbni-Rüşdü məhkəməlik edib əsərlərini yaxdılar. Yəni Mötəzilə zamanında başlayan nisbi gəlişmələr də bu şəkildə söndürüldü. Daha sonra təssəvvüf cərəyanları ortaya çıxdı ki, onlar da güclü fərdlər yetişdirdilər, ancaq toplumların azad və demokratik ortamda yaşaya bilmələri üçün heç bir siyasi fəlsəfə ortaya qoymadılar. Bu yolda onlar çox istəksiz idilər.
   
   Səfəvilərin həsrətini çəkməyə dəyərmi?
   
   “Mirzə Fətəli üçün axundlar islamın, küllən qoca Şərqin simasıdırsa, Heydər Camal üçün axundların, klerikalların ibrahimi dinlərinə qəti dəxli yoxdur." Bu cümlənin içində bir neçə təzad mövcuddur. Axundov islamı axundlarda xülasə etmirdi. Axundov ümumiyyətlə dinlərin tərəqqiyə əngəl olduğunu deyirdi. O, sadəcə islam dinini deyil, bütün dinləri tənqid edirdi. Marksın “din toplumun uyuşdurucusudur“ kimi bir tutum içində idi. Tarixə baxıldığında ən qorxunc və qanlı savaşların dinlər, məzhəblər arasında getməsi haradasa bu söyləmi məntiqli olaraq göstərməkdədir. Şah İsmayıl, yalnız Təbrizdə 12 min sünni başı kəsdi. Suçları isə sadəcə sünni olmaq idi! O zamankı Təbrizdə əhalinin sayı 80 min idi, deməli, təqribən şəhərin dörddə birini məhv etmişdir. Digər tərəfdən, "Antiaxundov"un yazarı axundçuluğun nə olduğunu, hansı tarixi-ictimai şəraitdə ortaya çıxması ilə bağlı bilgi vermir. Axundçuluq zatən yazarın həsrətini çəkdiyi Səfəviliyin nəticəsidir. Necə? Qızılbaşlıq Anadolu Ələviliyinin siyasiləşmiş şəklidir. Ələvilərin islam hüquq sistemini anladacaq kitabları yox idi. Yəni Ələvilikdə fiqh elmi mövcud olmamışdır. Klassik dövlətlər isə din mərkəzli qurulduğu üçün dinin siyasi fəlsəfəsini oluşduran sistem lazım idi. Bu sistem sünnilikdə var idi, ancaq ələvilikdə yox idi. Bu üzdən də Səfəvi dövləti qurulduqdan sonra fars milliyyətçi mərkəzli şiə fiqhi tərəfindən həzm edildi. Şəhər həyatının nə olduğunu bilməyən köçəri qızılbaşlar mürşidi kamillərinin əmri üzərinə Azərbaycanda şəhər həyatını məhv etdilər. Daha sonra da bəyliklərin idarə heyəti olan Lalalıq (Lələlik) quruluşu da 1508- ci ildə Şah İsmayılın əmrinə əsasən ləğv edildi. Onun yerinə “Vəkili nəfsi hümayuni“ oturduldu. Qızılbaşlar şah İsmayılın bu davranışlarına etiraz olaraq şah tərəfindən təyin edilmiş 5 fars valisinə terror etdilər. Bu dəfə də türklər Səfəvilik adı altında və şah İsmayılın “mehdiliyi“ sayəsində farslara yem edildilər. Şah İsmayıl dövlət fəlsəfəsini şiə mərkəzli oluşdura bilməsi üçün Livanın küçələrində sülənib dərvişlik edən şiə axundlarını Təbrizə dəvət etdi. Bunların başında Məclisi ailəsi dururdu. Məclisi ailəsi Səfəviliyin siyasi fəlsəfəsini tam şiə kimliyi üzərinə oturtdu. Məhəmmədbaqir Məclisinin 110 cild olaraq yazdığı „Bəhar-ül ənvar“ kitabının sadəcə bir cildi bir milləti və bir tarixi qaranlığa gömmək üçün yetərlidir. Bütün Səfəvi tarixi boyunca bu kitablar məscidlərdə tədris edilirdi. Məclisinin dədələri Livanda dərvişlik, dilənçilik edib yaşayardılar. Şah İsmayılın hesabına Səfəvi dövlətində feodallara dönüşdülər.
   Səfəviliyin kökünü Böyük Nadir Şah qazmaq istəyirdi, lakin o da terrorist qızılbaşlar tərəfindən öldürüldü. Beləliklə, Səfəvi aristokratiyası 4 qrupdan ibarət idi:
 
  1. Saray.
   2. Ordu.
   3. Axundlar (islam tarixində ilk dəfə olaraq ).
   4. Rəiyyət (kütlə).
   Lakin zaman keçdikcə feodallara dönüşən axundluq institutu ordudan da daha irəli keçib və sarayla eyni statusa sahib oldu. Artıq savaşların baş verməsində ruhanilər də söz sahibi olmuşdu. Feodallaşan axundizm öz mənafeyi üçün savaş və ya barış üçün dini fətva çıxarırdı. Bu şəkildə Azərbaycanda şah İsmayılın zühuru ilə islamın mahiyyəti ilə heç bir əlaqəsi olmayan feodal axundizm institutu yarandı.
   Anlaşıldığı kimi „Antiaxundov“ məqaləsinin müəllifi fərqində deyil ki, həsrətini çəkdiyi Səfəvilik və „mehdilik“ anlayışı axundçuluq kimliyini islam kültür sistemi içinə soxmuşdur. Rus strateqləri bunu çox gözəl bildikləri üçün Azərbaycanda şahismayılçılığın yüksəlişinə imkan yaratdılar. Çünki şahismayılçılıqla eyni zamanda həm islam dünyası, həm də türk dünyası parçalanmış oldu. Ruslara və farslara lazım olan da bu idi. Əgər bu gün İran şovinizminin beyni olan Rəfsəncani ölkədəki azərbaycanlıların milli hərəkatını boğmaq üçün şahismayılçılığa və səfəviyyətə sığınırsa, bu heç də təsadüfi deyildir. Çünki bugünkü fars milliyyətçi mərkəzli şiə dövlətinin ilk qurucusu şah İsmayıl olmuşdur. Bu səadəti bugünkü İran dövlətinin yönəticilərinə şah İsmayıl bəxş etmişdir. Bugünkü 30 milyon türkü fars şovinizminə təslim edən ilk zehniyyət şah İsmayıl olmuşdur. Azərbaycan türkcəsinin digər türkcələrdən təcrid edilib fasr dili qarşısında müdafiəsiz qalmasını sağlayan şah İsmayıl olmuşdur. 
   
 
Xomeynizm Səfəviliyin davamıdır
   
 
  İran-İraq savaşında cahil toplumu cənnət xəyalı ilə aldadıb 12-13 yaşında uşaqları minaların üstünə göndərib ölümə yollayan xomeynizm yenə də şahismayılçılığın mövhumatına sığınmışdı. Xomeyninin özündən başlamış bütün axundlar cümə namazında şah İsmayılın etdiyi bir işi bu şəkildə cahil kütləyə nəql edirdilər: ”Şah İsmayıl Kərbəlanı aldıqdan sonra Hz. Hüseynlə bir yerdə şəhid olan Hürrün qəbrini açır. Baxır görür ki, o zaman Hürr yaralananda Hz.Hüseynin onun yarasına basdığı dəsmal elə yaranın üstündə durmaqdadır. Dəsmalı yaranın üstündən götürdükdən sonra qan axmağa başlayır. Dəsmalı nə qədər yerinə qoyur ki, qan axmasın, bacarmır və İsmayıl xəta etdiyini anladığı üçün adını Xətai qoyur!” Axundlar İran-İraq savaşında ölənlərin ”şəhid” olduqları üçün Hürr kimi ölməzliklərini qoruyacaqlarını bu şəkildə təbliğ edirdilər. Ölkənin sərmayəsini ələ keçirmiş axundlar milyonlarca insanı öz mənafeləri yolunda qurban verdilər. O savaşda əsgər olaraq mən də yaralandım. O zaman axundçuların İsmayıl Xətaidən nəql etdikləri bu əfsanəyə inanmırdım. Ancaq daha sonra şah İsmayılı və o dönəmi ciddi şəkildə öyrəndiyim zaman onun şeirlərində bu hadisəyə rast gəldim. Şah İsmayıl Xətai bir qəzəlində bu macəranı bu şəkildə anladır:
   
   Ey müsəlmanlar,
   əsiri zülfi yarəm doğrusu,
   Bir sitəmkarın əlindən
   biqərarəm doğrusu.
   Derdim ol dilbər yanında
   etibarım var mənim,
   Yoxladım etdim yəqin,
   bietibarəm doğrusu.
   Şah Xətai gəştə çıxdı,
   açdı Hürrün qəbrini,
   Bar ilahi əfv qıl,
   kim tövbə karəm doğrusu.
   
   Gəlin, bu məsələyə ağlın mühakiməsi ilə baxaq. Niyə İsmayıl Hürrün qəbrini açır? Bu səlahiyyəti ona kim verib? İsmayıldan 900 il öncə ölmüş bir adamın qanı hələ də axa bilərmi? İsmayıl Hürrün qəbrini necə tapıb? Çünki o zaman öldürülənlərin bir çoxunun məzarı belə, bəlli deyil. Kərbəla hadisəsində şəhid edilənlər bir bıçaqla öldürülmədilər ki, yarasına dəsmal qoyulsun. Məsələn Hz. Hüseyn şəhid edildikdən sonra başını kəsib Şama apardılar. Digərləri də bu şəkildə namərdcə öldürüldülər. Özəlliklə Hürr öz ordusunu buraxıb Hz. Hüseynin tərəfinə keçdiyi üçün onu param-parça etdilər. Demək ki, nə İsmayıl Hürrün qəbrini açmış, nə də orada dəsmal-filan olmuş. İslamiyyəti bu gün öz mənafeləri yolunda kullanan axundlar kimi o zaman da islamiyyəti mərsiyəxanlıq, xürafat səviyyəsinə endirən Səfəviyənin oyunbazlığıdır bu. Çünkü heç bir tarixi qaynaq bu hadisəni yazmır. Şah İsmayıl demiş və qızılbaş müridlər də inanmış, vəssəlam. Səfəviyənin şəbeyxanlıq, sinə və zəncirvurma səhnələrini oluşdurmaq üçün uydurulmuş yalanlardan bir nümunəsidir bu. Səfəvilikdən tarix üçün miras qalan xürafatlardır. İnsan ağlının çevrəsinə qaranlıq hörmüş, onun gəlişməsini əngəlləyən xürafat.
   Hər bir fenomen tarixi dövr içində öz taleyini, eniş və yüksəlişini yaşayar. Öncə bunu bildirək bir var islam kültürü, bir də var islamın zaatı. Məsələn, həcc, namaz, qiblə kimi hadisələr islam kültürüdür. Örnək olaraq, qiblənin Hz. Məhəmməd tərəfindən Beyt-ül müqəddəsdən Kəbəyə tərəf çevrilməsi islamın cövhərində heç bir şeyi dəyişdirmədi. İslam kültürü ümumən kütlə davranışlarını əyarlayan amillər kimi görünməkdədir. Məsələn, bir çox təsəvvüf cərəyanları islam kültürünü qəbul etməmişdir. Bu kültür tarixi sürəc içində isə özünü dəyişik şəkillərə salmışdır. İstər coğrafi, milli fərqliliklərdən qaynaqlanan, istərsə məzhəblərin təsisçilərinin özəl görüşləri fərqli kültür ortaya qoymuşdur. Bunun ən açıq örnəklərini şiə-sünni fərqliliklərində görməkdəyik. Səfəviliklə eyni zamanda fərqli islam anlayşı ortaya çıxdı. Bir şəhər dövləti olan Qaraqoyunlular islam dünyasında yayğın olan islam anlayışı ilə dünyanı görürdülər. Anadolunun susuz bozqırlarından gəlib Təbriz şəhərinə soxulan köçəri qızılbaşlar islamın şəhər anlayışını dəyişdirdilər. Məsələn, Hz. Məhəmmədin ən çox sevdiyi Hz. Ayişə Səfəvilərdən etibarən əxlaqsızlığın rəmzi kimi göründü. Təbrizdə bələkdə olan Ayişə adlı qız uşaqlarının da başını kəsdilər. Ayişə sözü Səfəvilər tərəfindən fahişəlik səviyyəsinə qədər endirildi. Əslində isə islamın ən düşünən, savaş meydanlarında peyğəmbərlə bir yerdə olan qadını Ayişə idi. Hətta Quranın mətləşməsində də Ayişənin zehni istedadının böyük rolu olmuşdur. Bir sözlə, Səfəvilik nifrətin, kinin, qatilliyin, sadizmin örnəyi kimi tarix səhnəsinə girdi.
   
   “Mehdi” gözləyən insanların yeri dəlixanadır
   
   ”Antiaxundov” yazısında Heydər Camalın ”Yeni siyasi teologiya” yaratması konusunda xəbər verilir, ancaq bu yeni siyasi teologiyanin nə olduğu açılmır. İslamda hər cür “yeni”lik bidət sayılmışdır. Çünki islam özünü heç bir zaman əskimiyən və daima yeni olan, daima yeni qalacaq inanış və yönətim şəkli kimi tanımlamışdır. Hətta islam dünyasında rəsmən sekulyar dövlət olan Türkiyə cümhuriyyətinin də sıxıntıları buradan qaynaqlanmaqdadır. Çünki rəsmi dövlət ideologiyası ilə toplumun inanc sistemi tam bir təzad içindədir. Heydər Camalın islamın yeni teologiyası haqqında düşünməsinin səbəbi xristian ölkəsində, dinin siyasətdən ayrı olduğu bir ölkədə yaşamasıdır. Yoxsa təsəvvür edin Ərəbistan, İran, Əfqanıstan kimi bir islam ölkəsində yaşasaydı, islama bidət gətirdiyi üçün dərhal onun qətlinə fətva verilərdi.
   "İslamın başlıca hədəfi məhşər günü, dəqiq desək axirət sevdasıdır. Yəni adı böyük hərflə yazılacaq "Futuroloji gələcək." Bu cümləyə də tənqidi yanaşaq. İslamın kitabı Qurandır və bir də peyğəmbərin davranışı. Peyğəmbər isə deyib ki, əgər mənim dediklərim bir zaman Quranla tərs düşsə, mənim dediklərimi unudun. Əsas bu iki qaynaqdır. Daha sonra şiələr 12 qaynaq da uydurub və şiənin inancına görə bu 12 qaynaq da heç vaxt səhv etmir. Ancaq Quranda Allah Tövbə surəsinin 43-cü ayəsində peyğəmbərin xəta etdiyini söyləyir və deyir ki, Tanrı səni bu xətana görə bağışlasın. Peyğəmbərin xəta etməsi mümkünmüş, 12 imamın səhv etməsi mümkün deyilmiş! Ən yayğın və məqbul olan Quran və sünnətdir. Quranın heç bir yerində ”axirət” sözü “bu dünya” sözündən öncə gəlməmişdir. ”Bu dünya”da bəlirlənmiş hədəflər mövcuddur. Bu hədəflər ancaq və ancaq insanın özünün öz iradəsi ilə çata biləcəyi hədəflərdir. İnsan bu hədəflər haqqında bilgi də əldə edə bilər. Ancaq ”o dünya” haqqında və ruhların dirilişi ilə bağlı hətta peyğəmbərə belə, təcrübi bilgi verilməmişdir. Çünki Quranda peyğəmbərə ”Səndən ruh haqqında soruşsalar, de ki, bu haqda mənə bilgi verilməmişdir”- deyilməkdədir. “O dünya” haqqındakı təsvirlər insanın utopik şüurunu bir cür minatürləşdirsə də gerçək hədəfin “bu dünyada” olduğu vurğulanır. Əslində axirət bu dünyada varılmış hədəflərdən təcrid edilmiş deyildir, bu hədəflərin uzantısı və bir parçasıdır. Volter ”Cəhənnəm yoxdur, çünki Tanrı bu qədər qəddar və zalım ola bilməz, cənnət isə tənbəllərin yatağıdır.”- deyir. İslamı kültür olaraq deyil, cövhər olaraq qəbul edən təsəvvüfün bir çox təriqətləri də cənnət-cəhənnəmə inanmaz. Oranı ən son hədəf olaraq göstərməzlər. Ən son hədəf Tanrının özüdür, cənnət deyildir. Quranda ”Tanrıdansınız, Tanrıya dönərsiniz” ayəsi də buna işarətdir. Ancaq təsəvvüf də siyasi məsələlərdə fiqhin qucağına yuvarlandı. Sadəcə diktator mürşüdlərin mazoxist müridlərə dayanıqlı hakimiyyət və kontrol kültürünü gəlişdirdi.
   İslamın ana qaynaqlarında “mehdi” anlayışına rast gəlinmir. Bu, daha sonra uydurulub. Çünki peyğəmbər israrla deyib ki, mənim möcüzəm Qurandır. Quranda da ”mehdi” anlayışı haqqında heç bir açıq mesaj mövcud deyildir. Belə önəmli bir mövzunu nədən Tanrı bir xəbər şəklində Qurana yerləşdirməyib? Çünki gərəkli bilməyib. Əgər ”mehdi”çilik doğru isə o zaman Quran öz təsirini itirər, onun önəmi qalmaz.
   Əslində xilaskar gözləmək bütün mifologiyalarda və dini kültürlərdə olub. İsa öldürüldükdən sonra onun 1000 ildən sonra dünyaya təkrar dönəcəyinə inanırdılar. 999, 1000, 1001, 1002-ci illərdə xristian dünyası səbirsizliklə İsanın zühurunu gözləyirdi. Ancaq İsa gəlmədi. Məhz bu dönəmdən sonra Avropada insan ağlının həyata güclü müdaxiləsi başladı. Çünki gördülər ki, İsa gələnə oxşamır, öz işlərini öz ağılları ilə etməyə başladılar yavaş-yavaş. Yəni xilaskar enerjini insan ağlında aramağa başladılar. Göründüyü kimi, xilaskar gözləmənin sona çatdığı bir dönəmdən başlayaraq insan haqları, bir çox fəlsəfi cərəyanlar, iqtisadi inkişaf, demokratiya kimi qavramlar insanın gündəlik həyatına daxil olub. Xilaskar gəlib nə edəcək? Gələcəksə, gəlsin, bir zavod açsın, bir fabrika açsın ki, işsiz adamlar orada çalışsınlar. İslam dünyasının da iqtisadi, siyasi bədbəxtlik içində yaşamasının səbəbi elə bu xilaskar ”mehdi”ni gözləməkdən vaz keçə bilməməsidir. İnsanlar onun ağlının dünyaya hakim olacağını gözlədikləri üçün öz ağıllarını məzara aparırlar. Elə isə məzara gömülən bu saysız-hesabsız ağıllar bu dünyada təcrübəyə dönüşsəydi, bu gün islam dünyasını bu qədər zülm və ədalətsizlik sarmazdı. Ayrıca, ”mehdi”nin zühuru o zaman gerçəkləşəcəkmiş ki, zülm dünyada aşıb-daşsın. Ona görə də məsələn, Xomeynizm bu ilahi iradəni gerçəkləşdirmək üçün olmazın zülmlər etdi. Onminlərcə insanı dəstə-dəstə güllələdilər. ”Mehdiçilik” ortaya atıldığı gündən etibarən, insanlıq bədbəxtliyə məhkum edilib. Atatürk cümhuriyyəti qurduqdan sonra dünyəvi dövlət sisteminə qarşı özünü ”mehdi” olaraq duyuran bir neçə adam ortaya çıxıb Osmanlı cəhalətini hələ öz ruhunda daşıyan toplumu dövlətə qarşı təşkilatlandırmaq istədilər. Atatürk onları yaxalayıb dedi: ”Sizi qoyacağam divarın önünə. Beyninizə güllə sıxacağam. Əgər ölməsəniz sizə iman gətirib ölkənin yönətimini sizə tapşıracağam.” ”Mehdi”lər qapandılar Atatürkün ayaqlarına və Atatürk onları ”dar-ul məcnun”a, yəni dəlixanaya göndərdi. Əslində bu gün “mehdi” gözləyən insanların hamısının yeri dəlixana olmalıdır.
   „Şiə məzhəbi təkcə dekadans ruhlu mərsiyəxanlıq deyil, onun canlı cövhəri gələcəyi səsləyən mehdiçilikdir, yəni İmam Mehdi intizarı! Yəni, sözün əsl mənasında "inqilab".“ Bu sətirlərin müəllifi tarixdə ”mehdi” intizarçılığının nə qədər qətllər törədib bu gözəl dünyanı cəhənnəmə çevirməsi haqqında xəbərsizdir. Sətirlərdən də anlaşıldığı kimi, gələcək ”mehdi” tərəfindən gətiriləcəkmiş, toplumun intellektual, tekniki, əqli çalışmaları nəticəsində gətirilməyəcəkmiş. Yəni bir sözlə, xoşbəxt gələcək toplumsal və fərdi çalışmaların nəticəsində gətirilməyəcəkmiş, ”Mehdi” onu gətirəcəkmiş. O zaman bu ağıl bizə niyə verilmiş? Mehdiçilk inanışına görə ağıl ona görə bizə verilib ki, yalnız xilaskar gözləməyin əsaslarını, məntiqini quraq, vəssalam. Bu inanış tərzi ən son olaraq Xomeyni kimi bir diktatoru yetişdirdi. Xomeynizm toplumun inanc cəhalətindən yoğrulan xəstəlikdən başqa bir şey olmayıb. Sosial psixologiyadakı xəstəlik və xilaskar gözləmə xomeynizm şəklində ortaya çıxdı. İlk öncə şah İsmayıl şəklində zühur edən ”Mehdi” insanların göyləri fəth etdiyi bir dönəmdə xomeynizm şəklində doğdu.
   Çingizxan öldükdən sonra da Çinin istilasına məruz qalan monqollar Çingizxanın yenidən dirilib, geri dönüb onları qurtaracağı inancı yarandı. Bu inanc ortaya çıxdığı gündən etibarən, monqollar çökdü, əsarətə məhkum edildilər. Bu mif harda ortaya çıxmışsa fəlakət, bədbəxtlik yaratmışdır. Modern sosiologiyanın xarizmatik lider anlayışı miflərdə və dinlərdə qeybdən gələcək olan xilaskar kimi anladılmışdır.
   Xilaskar gözləmənin modernizmin istəkləri ilə örtünməsini söyləmək, tamamilə məntiqsizdir. Zatən modernizm bu inanışa qarşı düşüncə planında savaş açdığı üçün tarixdə ərzi-əndam etmişdir. Modernizmin kəşflərindən ən əsası insan ağlında və dünya görüşündə həyat duyğularını formalaşdırmaq olub. İnsan öz azadlıq anlayışını bu dünyada oluşdurmalıdır. Bu dünyada kölə olub o dünyanın mifik azadlığı xəyalı ilə yaşamaq modernizm fəlsəfəsinə uyğun deyil. „Mehdi“ gözləmək insanın köləliyə təslim olmasından, ağlını yararsız hala gətirməsindən başqa bir şey deyildir. Onsuz da bizim tariximiz bir şəkildə mənəvi köləlik tarixidir, yəni həmişə xilaskar gözləyərək məzarlara gömülən insan ağlı. Modernizm buna son vermək istəmişdir. Mehdiçilik insanın özünü zəif görmə psixologiyasından qaynaqlanmışdır. Çarəsiz, bədbəxt durumda insanın ağıl sistemi normal iş mexanizmini itirdiyi üçün, həyatda qalma, yaşaya bilmə instinkti istər-istəməz bir çarə aramağa başlayır. Bu üzdən də yoxsul ölkələr, yoxsul insanlar xilaskar gözləmə kimi bir psixologiyaya sahibdirlər. İş həyatı, ailə həyatı, sosial həyatı qaydasında olan insanın bu xəstəliyə qapılması mümkün deyildir. Əqli, mənəvi və iqtisadi baxımdan yoxsul olan fərdlərin və ölkələrin həyat şəkillərinin təlqin etdiyi xəstəlik durumudur xilaskar gözləyişi.
   
   "Mehdi"çiliyin tarixi
   
   Yeri gəlmişkən, “Mehdi” qavramının necə ortaya çıxdığı ilə bağlı tarixi verilərə baxaq. Şiəyə görə, 11-ci imamın oğlu öncə ”qeybəti soğra” (kiçik müddətli qeyb), daha sonra ”qeybəti kobra”ya (uzun zamanlı qeybə) çəkilmişdir. Sünnilər də „Mehdi“ qavramına inanarlar, ancaq onlara görə, Mehdi dünyaya gəlib qeybə çəkilməmişdir, o doğulacaq. Ancaq ”Antiaxundov” məqaləsində mehdiçiliyin şiə variantı ələ alındığı üçün bu növünə bir nəzər salaq. “11-ci imam Samirədə yaşayırdı. Samirə o zaman əsgəri mərkəz olduğu üçün 11-ci imama Həsən Əsgəri deyirdilər. Onun 3 qardaşı və 1 bacısı var idi. „Ayişə“ adının Səfəvilər zamanında yasaqlanmasına baxmayaraq, onun bacısının adı Ayişə idi. Onun qardaşının birinin adı Cəfər idi. O zaman şiə əhli imam Həsən Əsgərinin qardaşına „Cəfər kəzzab“ („yalançı Cəfər“) deyirdilər, çünki imam Həsən Əsgəri öldükdən sonra varisini bəlli etmək üçün onun övladları haqqında araşdırma gedirdi. Bu araşdırma üçün Abbasi dövləti tərəfindən rəsmi bir məclis düzənlənmişdi. Bu məclisdə 11-ci imamın qardaşı Cəfər Allahın birliyinə and içdi ki, onun qardaşının (yəni 11-ci imamın) heç bir zaman övladı olmamışdır.“ (Bax: Şücaəddin Şəfa „Pəs əz hezaro çharsəd sal, s. 949.) Göründüyü kimi, ümumiyyətlə, „Mehdi“ adında bir uşağı olmamışdır 11-ci imamın. Sadəcə mifik ehtiyac olmayanı da olmuş kimi göstərmişdir.
   Özəlliklə şiələrdə „Mehdi“ qavramının yaranmasında Nəsirəddin Tusinin böyük rolu olmuşdur. Nəsirəddin Tusi hətta „Mehdi“nin son məktubunu ”Əl-Tibyan“ adlı kitabında vermişdir. Həm də „Mehdi“ bu məktubu bir farsa yazmışdır, ərəbə deyil.
   Şiəliyin müxtəlif məzhəblərində „mehdi“ anlayışı da fərqlidir. Çünki şiəlik bu günə qədər isbat edə bilməyib ki, məsələn, imamlıq niyə Həsənin soyundan deyil, Hüseynin soyundandır və ya nədən İmam Hüseynin Əliəkbər oğlu tərəfindən deyil, xəstə oğlu Zeynəlabidin tərəfindən davam etmişdir. Bu gün Yəmən ölkəsinin rəsmi məzhəbi olan Zeydiyə şiəsi „mehdi“ qavramını 12-ci imam timsalında deyil, 6-cı imam Cəfər Sadiqin oğlu olan İsmayılın yenidən diriləcəyi timsalında inanclaşdırmışdır. Kütlə zəkasını mifik ehtiyac dinlər öncəsi başqa cür yönləndirmiş, din sonrası isə yaranan miflərdə dinin də təsiri olmuşdur. Bunu gerçək kimi görmək ağla ziddir. Fars millətçi mərkəzli şiə anlayışı Səfəvilər zamanında, hətta İmam Hüseynin arvadını da fars etdi. Guya Zeynəlabdin bir fars qızından dünyaya gəlmişdir. Yəni Sasanilər çökdükdən sonra özünü toparlamaya başlayan və islami kimliklə yenidən səhnəyə çıxan farsların Rafizi, Şüubiyə hərəkəti ilə başlayıb, İsmaililərlə davam edən fars millətçilik macəraları şah İsmayıl zamanında imperatorluq ideologiyası oldu. Bunlar islamın zaatı ilə əlaqəsi olmayan olayların tarixidir. 1501-ci ildə şah İsmayıl tacqoyma mərasimində 12 cümlədən ibarət bir mətni „Sogəndnamə“ (andiçmə) olaraq oxumuşdur. Guya bu mətn 12 imam adına 12 cümlədən oluşmuşdu. Ancaq bu mətndə 12 imamçılıqdan da heç bir əsər-əlamət yoxdur. Bu mətn fars millətçiliyinin Firdovsidən başlayıb Nasir Xosrovlar tərəfindən davam edən fars tarix anlayışından başqa bir şey deyildir. Bəllidir ki, 13-14 yaşında bir uşaq (şah İsmayıl) fars tarixi haqqında bu qədər bilgiyə sahib ola bilməz idi. Bəllidir ki, bu mətni yazıb onun əlinə vermişlər ki, oxusun. Gəlin bu mətnə nəzər salaq. “1. Mən bu gün yerə endim. 2. Sərvər və şahənşah mənəm. 3. Əmin ol ki, Heydərin oğlu mənəm. 4. Mənəm Firudun. 5. Mənəm Xosrov. 6. Mənəm Cəmşid. 7. Mənəm Zəhhak. 8. Mənəm Rüstəmi-zal. 9. Mənəm İskəndər. 10. Ənəl-həq sirri mənim bağrımda gizlidir. 11. Çünki mənəm mütləq həqiqət. 12. Həqiqət mənim sona çatdırdığım işlərdir." (Bax: Ettelaate siyasi-iqtisadi, 1378-ci il, sayı 147-148, s. 23.)
   O zaman şah İsmayılın Şeyx Heydərin oğlu olmaması ilə bağlı geniş şayiələr yayıldığı üçün şah İsmayıl sadəcə şeirlərində tez-tez „Heydər oğluyam“ deməmiş, andiçmə mətninə də Heydərin oğlu olduğunu yerləşdirmişdir.
   Yeri gəlmişkən Çaldıran savaşına da burada işarə etmək tam yerinə düşər. Çaldıran savaşında şah İsmayıl qalib olsaydı, dünyada bir tək azad türk dövləti olmayacaqdı. Çünki Avropa orduları bu savaşın sonucunu gözləyirdi. Osmanlının məğlub olması halında İstanbulu, Trabzonu geri almağı planlamışdılar. Yəni İran Anadolunun dərinliklərinə qədər genişlənəcək, digər torpaqları isə avropalılar geri alacaqdılar. Zatən şah İsmayıla texniki dəstək verən avropalıların əsas hədəfləri bu idi. Bu səbəblə də Çaldıranda Şah İsmayılın məğlub olub yerində oturması türklüyün taleyi baxımından xeyirli olmuşdur.
   
   Şah İsmayıl kimdir?
   
   "Heydər Camal öz fəlsəfi dayaqlarıyla Şah İsmayılı xatırladır.“ Əgər Heydər Camal öz fəlsəfi dayanaqları ilə şah İsmayılı xatırladırsa, demək onun fəlsəfəsi insani deyildir, insanlığa bir yararı ola bilməz. Çünki şahismayılçılıq qan, nifrət, kin və qatillik üzərində qurulmuşdur. Çünki şah ismayılçılığın islamiyyətlə də ilgisi zəif olmuşdur. Bəlli səbəblər üzündən şah İsmayıl Quzey Azərbaycanda həddindən artıq idealizə edilmişdir. Baxaq görək tarixi qaynaqlar onun haqqında nə deyir: “914-cü hicri şəmsi ilində şah İsmayıl Bağdadı aldıqdan sonra əmr etdi ki, sünnilərin ziyarətgahı olan hənəfi məzhəbinin qurucusu Əbuhənifənin məzarını söküb məzarın üzərində tualet tiksinlər. Şiə əhli Əbuhənifənin məzarı üzərində tikilən tualetə getmənin zövqünü yaşayırdı. Bu şeiri Əbuhənifənin məzarı üstündə tikilən tualetin qapısına yazıb yapışdırdılar: "Əbuhənifənin məzarına şiə sıçdı, sünnilər bu poxa səcdə etdilər. Şiənin sıçdığı yer sünninin ibadətgahı oldu".) (Bax: Əsnad və namehaye doreye Səfəviyə, gerdavəri A. Sabitian, s. 99.)
    Göründüyü kimi, səfəviyyət tarixə əxlaqsızlığın, ədəbsizliyin və nifrətin timsalı kimi girib. Şah İsmayılın qanlı illərindən digər örnəklər: “Fəridəddin Təftani Heratın Şafei din adamı idi. 30 ildən artıq bu görəvdə idi. Şah İsmayılın əmri üzərinə onu şəhərin mərkəzində öncə öldürüb sonra dardan asdılar. Daha sonra da cəsədini yandırdılar.
   Şah İsmayılın Livandan gətirdikləri şiə “alim”ləri bu şəkildə fətva verdilər: “Bir sünnini öldürmənin 5 kafiri öldürmək qədər savabı var. Sünni ilə evlənmək haramdır. Sünnilərin qanları, malları və namusları halaldır. Onları kölə kimi də satmaq mübahdır. Hamilə sünni qadınların qarnını söküb qarnındakı balasını da öldürmənin imtiyazları var. Çünki onlar islamın dışındadırlar.” (Bax: “Səlimnamə”, Sultan Səlimin rəsmi tarixçisi.)
   Bu kimi tarixi sənədlərdən bir başqası: Səfəvi dönəminin ən mötəbər qaynaqlarından biri “Əhsən-ül təvarix” kitabıdır. Bu kitabda yazılır: “Qızılbaşlar Şirvanda minlərcə insanı qətlə yetirdilər. Mürşüdləri şah İsmayılın əmri üzərinə kəsilmiş başlardan minarə düzəltdilər. Hamilə qadınların qarnını yırtıb uşaqlarını qətlə yetirdilər. Ancaq yenə də mürşidi kamilin nifrəti sönmək bilmədi və Sultan Yəqubun məzarının sökülməsinə əmr verdi. Şirvanlıların namuslarını qızılbaşlara halal etdi. Bir sözlə, mürşidi kamil diriləri məzara gömdü, məzardakılarıın sümüklərini söküb çıxardı.”
   ... Və şah İsmayıl bütün bu cinayətləri qeybə çəkilmiş “Mehdi”nin əmrləri üzərinə etdiyini iddia edirdi. Özünü “Mehdi”nin kəsərli qılıncı sayırdı. Hürufilərdən gələn bir inanış əsasında “Mehdi”nin onun ruhuna hilul etdiyini (girdiyini) və onu yönləndirdiyini iddia edirdi. Yəni bütün bu qatilliklərin arxasında duran “mehdi” inanışı idi.
   Şah İsmayılın digər bir cinayəti : “Özbəklər məğlub edildikdən sonra qızılbaşlar Sultan Şeybəkin cəsədini cənazələrin içindən tapdılar. Başını kəsib, dərisini soydular. Başının dərisinə saman təpərək Sultan Səlimə göndərdilər. Başının sümükləri ilə də şərab piyaləsi düzəltdilər ki, şah İsmayıl öz sarayında bu piyalə ilə şərab içsin. Ayrıca, şah İsmayılın buyuruğu üzərinə Sultan Şeybəkin cəsədinin əl-ayaqlarını da kəsdilər. Sonra da kəsilmiş əl-ayaqları Sultan Şeybəkə qarşı savaşmağı qəbul etməyən Mazandaran sultanı Rüstəmə göndərdilər.” (bax: Əhsən-ul təvarix, s. 84.) “Şah İsmayıl dedi: “Hər kəs məni mürşidi-kamil olaraq qəbul edirsə, bu düşmənin ətini yesin.” Bu hadisəyə şahid olan Xacə Mahmud Sağərci yazır ki, Şah İsmayılın bu əmrindən sonra sufilər cənazənin ətini yeməyə başladılar. Hətta ölünün ətini yemək üçün bir-birinə qılınc çəkdilər. Leşxorlar kimi, cənazəni yemək üçün hər kəs bir tərəfə dartırdı.” (Eyni qaynaq, s. 85.)
   Bu kimi örnəkləri daha da artırmaq mümkündür, ancaq bu qədəriylə də yetər. Yəni “mehdi” inanışının şah İsmayıl və Xomeyni kimilərin zühuruna şərait yaratmasını bu şəkildə görmüş oluruq. Belə bir durumu modernizmin ruhu ilə necə əlaqə
Şərhlər(0) Baxış sayı:70 ANTIAXUND ( OV ) “antiaxundov” yazısı üzərinə tənqidi baxış 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com