DİALEKTİKA
intizar85 İyun 1, 2008 19:52| 27-04-2008 |
| DİALEKTİKA |
| Həmid Herisçi, |
Onun qoynunda qədim, çox əski "Məqbərət üş-şüəra" - yəni, şairlər məzarlığının olması… həə, bax bu, məncə, Təbrizin ən özəl cəhətlərindən biridir.
Uşaqlıq çağlarımdan doğma şəhərimin bu özəl cəhətiylə həddən ziyada qürur duyardım- atam peşəkar inqilabçı olmağıyla yanaşı, həm də öz dövrünün ən tanınmış xaqanişünaslarındanıydı, "Məqbərət üş-şüara"da dəfn edilmiş Xaqani Şirvaninin söhbəti, təəccüblənməyin, evimizdə daim diqqət mərkəzindəydi, onun məzar daşının əksini rəhmətlik atam yazdığı elmi monoqrafiyanın ilk səhifələrinə daxil etmişdi- bax, yediyim çörək mənə qənim olsun yalan danışıramsa, qədim kufi xəttiylə yazılmış bu 12 əsr nümunəsinə saatlarla fikrə dalıb baxdığım məqamlar olub. Qürbət acısını yaşaya-yaşaya həmişə öz-özümə deyərdim: "Gör bizim necə mədəni şəhərimiz varmış, şairlərə ayrıca məzarlıq inşa ediblər orda, gün batarkən ordakı əski məzardaşlarının uzun kölgələri şəhərin mərkəzinə, Quru çayın sahillərinədək gedib çatırmış, evinə qayıdan yorğun şəhər əhli bu kölgələrin sərhəddində həmişə dayanıb fikrə dalar, nakam şairlərimizin ruhuna rəhmət oxuyarmış. Bu cür pantionlar çətin ki, Parisdə, Romada, Misirdə, Çində mövcudmuş həmin o qədim zamanlar…"
Bir-iki ay öncə Bakıda baş vermiş bəzi hadisələrin təsiriylə həmin bu şirin xatirələr bir başqa cür canlandı gözlərim qarşısında. Düşündüm: "Allah, Təbrizdə bir qəbiristanlıq şair varmış, şeir yazıb əbədiliyə iddia etsələr belə, zaman onların sür-sümüyünü həmişə "Məqbərətüş-şüara"da çeynəyib. Şairlərin "mənəm-mənəm" deməsinə rəğmən, şəhər əhli hər gün bu bir qəbiristanlıq şair ordusu qarşısından bazara gedib-gəlirmiş… Ürəklərində gülürmüşlər şairlərin əbədiyyata olan iddialarına… Bəlkə qoca Təbriz həmin məzarlığı öz ərazisində inşa edərkən şairlərin cəmiyyətdəki yerini tam dəqiq müəyyənləşdirib? Ümid yeri qoymayıb onlara, söz sahiblərinin yekəbaşlığına incə məcazla öz münasibətini bildirib?"
Həə, bu fikirlər mənim atama od vurdu, qaldım yana-yana, hiss etdim ki, beynimdəki xəyalların Taği-kəsrası uçulub yerə tökülür.
Elə həmin vaxtlarda "Antiaxund(ov)" yazımı qələmə alıb "Alma"da çap etdirdim.
Həmin yazımın ünvanına gələn haqsız, mətləbə dəxli olmayan sərt ittihamlara baxıb əvvəlcə xeyli təəccübləndim.
Gördüm ki, bizim ateist alimlər fitva çıxartmaqda heç də qulağıtüklü mollalardan geri qalan deyilmişlər. Cəmiyyətin inkişafında çox vacib şər(t) olan ateizm sahəsində son yüz il ərzində elmi baxımdan yeni heç nə yaratmadıqları bir yana qalsın, hələ bir bu eyiblərini- xaxa-xaxa! - Axundovun Baksovetdəki cıqqılı heykəli arxasında gizlətmək fikrindədirlər. Bilirsiz nə var, əlinizi, qələminizi çox ora-bura sürtməyin - neynəmisiniz ee siz öz sahənizdə? Heydər Camaldan, Əli Şəriəti, Fransua Fanon, Rene Qenon, Şunyon, Seyid Qütb, Seidhüseyn Nəsr, Kladio Mutti, Hacı Məhəmməd Leqenhausen, Kərim Siddiqi, Əbdülkərim Siruşdan fərqli olaraq hansı elmi əsərlər yazmısınız, hansı xarici (söhbət Harvard, Sarbonna universitetlərindən gedir) elmi kafedralarda məruzə etmisiniz ki, ortaya düşüb "ictihad" edəsiniz, islamla elmi diskursa girib öz antitezislərinizi elmi dildə ictimaiyyətin diqqətinə çatdırasınız? Deyəsən, demokratik sahədə heç bir tolerantlıq göstərməyən Bakı istebleşmenti yalnız dini müstəvidə tolerant olmaq qənaətindədirlər, o da ki, kəm-kəsirnən. Olsunlar. Olsunlar, Allah atalarına, bir də elmlərinə rəhmət etsin. Yalnız onu da bilsinlər ki, bu gün Bakıda matah mal etdikləri tolerantlıq çox pis qoxuyur - "şirk"in, yəni çoxtanrılığın, politeizmin, cahiliyyənin qoxusu gəlir ondan. Aldığım cavablardan bir də belə qənaətə gəldim ki, indiki antiislamizm, Bakı ateizmi hələ ki elmi səviyyəyə qalxmayaraq, lətifəsi bizdən uzaq, bir növ Danimarkadakı antiislamist "karikatura" olaylarına oxşamaqdadır. Bəli, Azərbaycan ateistlərinin dərdi bir deyil, iki deyil, minlərlədir - özünüz deyin, bax mən sağ, siz salamat, F.Nitşe kimi bir alimləri var ki, vaxtilə onun yazdığı "Antixrist" əsərinə oxşar bir "Antiməhəmməd" kitabı yazıb ortaya qoysunlar, hə? Yoxdur. Bu səbəbdən əyinlərinə sovet pianarları kimi sehirli xələt geyib 19-cu əsrə, Axundovun hüzuruna qaçırlar hər dəfə başları ağrıyanda. Bəsdir gedib Nitşenin kölgəsində gizləndikləri, özü də onu bilsinlər ki, ətəyində namaz qılmağa hazır olduqları bu böyük alman filosofu onlardan fərqli olaraq həmişə islamofil mövqedə dayanıb.
O ki, qaldı yazdığım "Antiaxund(ov)" yazısına, görürəm ki, sizlər tələm-tələsik məni götürüb diri-diri "Məqbərt üş-şüara" məzarlığında basdırmaq istəyirsiniz. Məqaləmə dəxli olmayan fikirlər irəli sürüb öz qələbəniz barədə sanki FM radiolarının qısa dalğalarında taksi sürücülərinə müjdə dolu yersiz xəbərlər ötürürsüz.
Vallah, nə gizlin, mən qoca Şərqin "Məqbərət üş-şüara"sında basdırılmaq istərdim - ancaq ateistlərin qazdığı dayaz elmi çuxurlar fikirlərimə dar görünür deyə bu xidmətinizdən vaz keçərək qəbrimin başına müsəlman mollası çağırmaq niyyətindəyəm. Gələcək goreşənlərim də qoy elə bizim məzhəbdən olsun! Doğrudanmı, siz elə düşünürsüz ki, yazdığınız "maarifçi" fərmanlarından sonra mənim beynimdə nəsə dəyişib? Əsla! Necə deyərlər, "Fərman ateistlərindir, taqutlarındır, məscid bizimdir!" Sizin yaxşı istedadınız var- "bizim yazılardan sonra Herisçidə dişə dəyəsi heç nə qalmayıb" iddianız mənə bilirsinizmi nəyi xatırlatdı, həə? Azərbaycan Müdafiə Nazirliyi Mətbuat xidmətinin gurultulu bəyanatlarını. Məncə, hər ikiniz gedib orda işləyə bilərsiz, sizin kimi boğazdan yuxarı danışanlara orda böyük ehtiyac var.
* * *
Əleyhdarlarıma həm də sona qədər səmimi olmağı məsləhət görərdim - Azdrama aktyorları kimi nərə çəkib "Mehdi gəlməyəcək!" haykırtılarıyla oxucuların qulaqlarını batırdıqları vaxt "İsa da gəlməyəcək!" pıçıltısını unutduqlarını nəzərlərinə çatdırıram. Şiə esxotologiyasına görə məhşər günü bu iki böyük düha yanaşı addımlamalıymış axı gələcək apokalipsisin qanlı meydanlarında. Buna şiəlikdən kənarda elə xristianlığın özü də israrlıdır. Əleyhdarım neyçünsə Qeyb imamımızı quru yuyub yaş sərir, İsanı isə unudurlar. Niyə? Zəriniz tökülər bunu da sözlərinizə əlavə etsəniz? Nə bilim, bəlkə də bu belədir, görünür zəriniz bunu desəydiniz həqiqətən cibinizdən yerə tökülərmiş.
İsa peyğəmbərə böyük hörmət qoyan şiəliyin, küllən islamın bu vacib cəhəti - Mehdi ilə İsanın son tandemini nəzərdə tuturam! - indi, dinlərarası dialoq dövründə böyük müsbət məna daşıyır, buna qarşı daha hörmətlə yanaşmağınızı arzulayardım, vallah. O ki qaldı, müqəddəs Quranda Mehdi barədə məlumatların olmamasına, sevinməyin, buna da cavab var - ən qədim 17 səhih hədisdə bu barədə Peyğəmbərimizin söylədikləri artıq neçə yüz ildir ki, nə şiə, nə də ki, sünni fəqihləri arasında mübahisə mövzusu sayılmır.
Yeni dövrün yeni Axundovu olmağı bacarmayan bu ateistlərin başlıca amalı görünür, heç də çox hörmət etdiyim ateizm də deyildir- belə olsaydı, islam əleyhinə nifrinlər yağdıran bu kəslər Bakıya buddistləri, krişnaitləri, day nə bilim kimləri dəvət etməzdilər ki, müsəlmanların yeri dar olsun. Razılaşın ki, burda artıq öz gücsüzlüyünüzü hiss edib ateizmə xəyanət edirsiniz. Siz ateistsiniz, yoxsa antiislamçı? İslamla ateizm vasitəsiylə vuruşun, yoxsa elə bilirsiniz ki, narıncı libaslı Tibet rahibləri bu işdə sizə yardımçı olmasa, vayvay, istəyinizə çatmazsınız?
"Mehdi gəlməyəcək!" qışqırığı sizin elmə deyil, emosiyalara qapıldığınızdan xəbər verirsə, qarşı tərəf bu sahədə elmi yanaşma metodları irəli sürür, hissiyyata qapılmır- gedin İtaliya filosofu Kladio Muttinin "Mehdi" məqaləsini oxuyun, sonra Əli Şəriətinin, Heydər Camalın kitablarını vərəqləyin heç olmasa. Görəcəksiniz ki, ən yeni Avropa elmi metodologiyası vasitəsiylə onlar bu sahədə dərin araşdırmalar aparıblar. Adını çəkdiyim Əli Şəriəti ateist fransız filosofu J.P.Sartrın ən sevimli tələbəsiymiş. Sartr onun barəsində təxminən bunları söyləmiş: "İndiki ekzisteal həyatda seçim etməyi bacarmış bir insanı göstərin desəz, mən məhz Əli Şəriətini göstərərdim", "ateist olmasaydım, şiə məzhəbini qəbul edərdim, özü də Əli Şəriətinin yozumundakı şiəliyi"…
Sartrın yüzlərlə tələbəsi olub, ancaq onların demək olar ki, hamısı elə alim, filosof, yazıçı kimi də qalıblar, yalnız Şəriəti yaxasını bu virtuallıqdan yana çəkib gerçək həyat, siyasət meydanlarına atıla bildi, düzgün seçim edərək vətənində böyük bir inqilabın baş ideoloqu səviyyəsinə qalxmağı bacardı. Axundov kimi o, ifrata varmadı, təkcə 1946-cı ildə Təbrizdə 25 min insanı qətlə yetirmiş mənfur şah rejimiylə mübarizəsində islamı əlində bayraq etdi, onu müasir elmi baxışla yenilədi, onu imperializmlə savaşan ümumbəşəri mübarizə vasitəsinə çevirib sol qüvvələrlə tandemə keçdi- razılaşın ki, eyni Fransa məktəbini keçmiş Axundovla Şəriəti arasında, bəli həm oxşar, həm də tam fərqli cəhətlər var. Şəriətidə dialektikanın vacib şərti olan "sintez" var - yəni əks qütblərdə dayanmış Avropa ilə Şərqin sintezi. Axundov isə bundan məhrumdur. Özü də, Şəriəti, Heydər Camal sizin Axundovdan fərqli olaraq öz elmi nəzəriyyəsinə malik filosofdurlar, Axundovda isə bu yoxdur, o sadəcə olaraq maarifçidir, Mirzə Fətəlini filosof adlandırarkən siz bərk yanılırsız.
Axundov da Fransa məktəbinin yetirməsiydi, bəli, bunu danmayaq. Lakin onun Valter, Didro ilə birbaşa təması olmayıb, Əli Şəriəti isə bu mənada daha xoşbəxt idi, Fransanın dühalarıyla canlı təmasdaydı. Bir sözlə, Əli Şəriəti, Heydər Camal təcrübəsindən sonra islamla Axundov vasitəsiylə mübarizə aparmaq baş aldatmaqdan başqa bir iş deyil. Qacar dövründəki islamla indiki islam arasında yerlə göy qədər fərq var. Mən qəti əminəm ki, İran "ETTELAAT"ı yatmayıb elə bunu gözləyirmiş - Axundovu yenidən əlimizdə bayraq etdiyimizi bilincə ürəkdən sevinəcək, buna hər cür şərait yaradacaq ki, biz 19 əsrin köhnə fikirləriylə İranın çox intellektual islam aləminə soxularaq orda özümüzə heç nə qazanmayaq, əslində biabır olaq orda.
Necə deyərlər "dəliyə yel ver, əlinə bel ver"…
Bilirəm ki, burda siz məni islam fundamentalizmində ittiham edib barəmdə ağzınıza gələnləri yazacaqsız, ancaq sakit olun, darıxmayın, çağdaş Tehran rejimi Əli Şəriəti fəlsəfəsini qətiyyən qəbul etmir. Bunu da yaddaşınıza həkk edin.
* * *
KİÇİK HAŞİYƏ - Ustad şair Şəhriyar mərhum Əli Şəriətinin xatirəsini görün bir necə kədərlə yad edib: "Biz bir dərya qan vermişik, meydanlarda can vermişik, qırx nəsil qurban vermişik, Şəriəti tək insanlar, Təxti kimi pəhləvanlar"…
* * *
Vallah, gedin özünüzə təzə Axundov yetişdirin, yox, bunu bacarmayırsınızsa, Allah atanıza rəhmət etsin. Elə Allahın 19-cu əsrində belə, Təbriz əhli islam xurafatıyla mübarizədə Axundovdan min addım qabaqdaydı- o vaxtkı babçılıq, bəhailik hərəkatları zamanı Təbrizdə on minlərlə insan həlak olub, yüzlərlə kəndə od vurulub, əhalisi ucdantutma qılıncdan keçirilib, həmin xatirələrin acısı indinin özündə belə, təbrizlilərin könlünü ağrıdıb göynədir. Axundov hardaydı ee həmin vaxtlar Təbriz küçələrində qan su yerinə axanda? Heç nə, kitab yazır, rus məmurlarına tərcüməçilik edirdi.
ÇAĞDAŞ DİNİ SAVAŞLAR
Başı qapazlı bədbəxt məmləkətimiz siyasi-etnik müharibələrdən ayılmamış, deyəsən bir başqa, daha qorxunc dini savaşlar meydanına çəkilir ki, burda bizim öz qərarımız deyəsən, həlledici mövqe daşımayacaq. Deyəsən, xarici ölkələr, "ingilis və fransız, ikisi də imansız, bizə iynə verməsə, qalacağıq tumansız" bizi bu savaşlara çəkməkdə dəridən-qabıqdan çıxırlar, biz yox, yad qüvvələrdir burda həmin döyüşün şeypurçusuna əmr verməyə hazırlaşanlar. "Alma" səhifələrindəki dartışmamız da, çox təəssüf, səhv etmirəmsə daha çox onlara xidmət edəcək. Yaxşı, gəlin ümumi sözlərdən uzaqlaşıb dəqiq, həyati məlumatlarla dediklərimi isbata yetirək.
Bakının əski Fəhlə, indiki Nobel xiyabanında katolik məbədinin təntənəli açılış mərasiminin Az.TV, Ənnuşirəvan və onun yeddi bayquşu (söhbət yeddi Bakı telekanalından gedir!) tərəfindən lazımınca işıqlandırılmasına siz özünüz şahidsiniz yəqin ki. Lakin gəlin, həmin məkanda telekameraların diqqət yetirmədiyi bir incə məqama da göz ataq. Söhbət ondan gedir ki, həmin məbədin düz önündə, üzü Əhmədliyə sarı gedirsinizsə yolun sağ tərəfində, İran İslam Cümhuriyyətinin "Banki-milli" maliyyə qurumunun kiçicik bir ofisi fəaliyyət göstərir, həə, belə deyək, gözünü, bəlkə də fotokameralarını həmin məbədə girib-çıxan Bakı neokatoliklərindən ayırmır. Bu məbədin açılışı istər Vatikan, istər Bakı tərəfindən atılmış ciddi siyasi-dini bir addımdır deməyə məncə ehtiyac yoxdur. Başqa sual verməyə ehtiyac var - nəyə görə bizim müəyyən qurumlar yuxarıda qeyd etdiyimiz məqama fikir verməyiblər- heç belə də səhv olar? Özünüzü gic yerinə qoymayın, başqa yerdə buna imkan yaratmış bəzi nazirlərin yumşaq kreslosu od tutub yanar, ölkədə dərin siyasi böhran yaranardı. Bizdəysə bu sahədə it yiyəsini, məmur öz nazirini tanımır. İkincisi, tarix boyu Bakıdakı xaçpərəst toplusu Rusiya Provaslav kilsəsinin maraq dairəsində olub, indiysə bu sahədə də yeni bir parçalanma yarandı. Bütün bunlara son zamanlar Bakı-Moskva arasındakı yaranmış gərginlik çərçivəsindən baxmaq bizcə daha münasib olar. Süftəsi, RTR telekanalının Bakıya ötürülən siqnalının itməsiylə başladı bu olay. Sonra "Binə" hava alanında quraşdırılmış rus qulaqcıqları MTN-nin iti gözlərindən yayınmadı. Sonra Bakıda provoslavların yerini dar edib həmin o dediyimiz katolik məbədini inşa etdilər. Sonra rusların İrana ötürdüyü gizli yüklər Astara gömrüyündə ilişib qaldı. Xalq mahnılarımız qəhrəmanı olan "Həştərxandan gələn gəmi" ifadəsi rəhmətə getdi - rusların Ənzəliyə yolladığı "Komyust-1" gəmisi Xəzərdə itib qeybə çəkildi.
Gördüyümüz kimi, Rusiya ölkəmizin kəşfiyyat, nəqliyyat, din, telekommunikasiya səhələrindən çox ustalıqla kənarlaşdırılır. Həmin savaşın bir ucu da gedib çıxır dini savaşlar aləminə.
Vatikan, min cür Qərb təriqətləri, "nyu-eydc" tərəfdarları, Tehran mollaları, rus provoslav keşişləri bu sahədə olmazın cəhdlər göstərirlər. "Tolerantlıq" deyə-deyə biz Bakıya min cür vəhhabiləri, nurçuları yığaraq "balanslaşdırılmış" islam siyasəti aparmaq istəsək də deyəsən, xam xəyallara qapılmışıq- bu yekəlikdə oyunda biz peşəkar deyilik axı!
* * *
Şəhriyar demiş, "mən qorxuram oyun ola, millət dönə qoyun ola"…
YAŞASIN DİALEKTİKA!
"Antiaxund(ov)" məqaləmdən danışanlara bircə xahişim var - onun adını düzgün yazsınlar, mən onların qeyd etdiyi kimi, "Antiaxundov" adlı məqalə yazmamışam! Adından da göründüyü kimi, bir gülləylə iki dovşan vurmaq istəmişəm - həm mollaları, həm Axundovu. İşlətdiyim "dovşan" sözünə bütün iradlarınızı xalq folklorumuza ünvanlanlayın, neynək, bu yerdə mən dilimi dişlərim arasında sıxaraq xalq təcrübəsindən istifadə etmək məcburiyyətindəydim.
Məqsədim sadəydi- təfəkkürümüzdə dialektikanı bərpa etmək! Mən deyirdim: dialektikanın baş qanunu ziddiyyətlərin mübarizəsi deməkdir. Şpenqleri oxuyarkən onun antitezisi Karl Xausxoferi, Remarkı mütaliə edərkən antiremark Ernest Yunqeri unutmayın. Stalinizm bizi həmin müəlliflərin, yəni "tezis"lərin "antitezis"indən məhrum etdiyi üçün uzun zaman dialektik düşüncədən məhrum qalmışıq, nəticə indi göz qabağındadır, elə buna görə də Mirzə Fətəlinin antitezisi olan Heydər Camalı, Əli Şəriətini düzgün qiymətləndirəmməyirik.
Dialektika çox qədim düşüncə növüdür, əvvəlcə cəmiyyətdəki, təfəkkürdəki əks qütblər aşkarlanır, onların ziddiyyəti qabardılıb işarələnir, fikirlərdə, həyatda bunun nəticəsi olaraq hərəkət dinamikası əmələ gəlir, məsələ əvvəl-axır sintez, bəzən paradoksla da bitir. Sonuncu, çox vaxt qurduğumuz dialektik məntiqin natamamlığından özünü büruzə verərək onun canındakı nöqsanları qabardıb aşkarlayır.
Ateizm dialektik anlayışdır, onun həmişə teizm kimi qarşılığı var. Bu səbəbdən, ey mənim əleyhdarlarım, teizmi ləğv etməyə tələsməyin, belə olsa tək qalıb atezmin özünü teizmə çevirəcəksiz.
Çin fəlsəfəsində dialektika "in-yan" əbədi qarşıdurmasıyla işarələnirmiş. Düşüncə sahibləri, passiv "in"in aktiv "yan"ını tapmalı, buna arxalanaraq həyatın bütün sahələrində lazımı məntiqi nəticələr əldə etməliymişlər. Zərdüştülükdə dialektika işıqlı qüvvə Hörmüzlə şər gücü olan Əhriman arasında əbədi sürən savaşla əlaqədardır. Dialektikanın sonrakı gur inkişafı alman fəlsəfəsi, xüsusən Hegelin adıyla bağlıdır. Almanlar həmişə ziddiyyətlərin həllini tapmağa meyilli olmuşlar, Nitşe "dekadans"la "dionisizm"in ziddiyyətini "fövqəlinsan"ın (onu bizim fövqəlnazirlə səhv salmayın!) zühurunda, Höte isə yaratdığı "Faust" surətində axtarırmış. Əslində, Höte "Faust" surətində iki zidd qüvvəni bir-birindən ayırmır, əksinə, onları birləşdirir, sübut edirdi ki, insanın daxilində hər iki qüvvə mövcuddur. Bu səbəbdən Faustun adıyla Mefestofelin ismi bu qədər bir-birinə oxşardır, yəni əslində onların hər ikisi eyni kökdən qidalanır. İngilis rejissoru Alan Parkerin məşhur "Mələyin ürəyi" kinofilmi də məhz elə həmin mövzudadır- insanın içində iki fərqli insan var, biri şərdir, biri xeyir, ola bilər ki, onların bir-birindən qətiyyən xəbəri olmasın!
Dialektikanın sonrakı inkişafı fransız tədqiqatçısı Levis-Strossun yaratdığı "binarizm", "strukturologiya" elmiylə bağlı olub. Lakin Jak Derridanın yaratdığı indiki "dekonstruktivizm" nəzəriyyəsi strukturologiyanı təsdiq etsə də, onu dağıdan qüvvələrə daha çox diqqət ayıraraq dialektikanı artıq tamam başqa istiqamətlərə yönləndirir. Marksist dialektika daha çox siniflərin mübarizəsinə fikir verir, ziddiyyətlərin kommunizm vasitəsiylə həll olunacağına inanırdı.
* * *
İslam dinində, tarixində dialektika ayrıca bir mövzudur. İbn Sina ona "məntiqi-cədəl" deyərək bu sahədə daha çox yunan fəlsəfəsinə arxalanırmış.
Dialektikanın bir özəlliyi var, yaşadığın dövrün ziddiyyətlərini düzgün müəyyən etdinsə, day sənə ölüm yoxdur, cəmiyyəti, ictimai fikri hərəkətə gətirib ona yeni dinamika verə bilərsən.
Əli Şəriəti də Şərqdə məhz bunu həyata keçirdi-düzdür, marksizmin təsiriynən. O, müqəddəs Qurandakı "Hizbi-şeytan", "Hizbi-Allah" qarşıdurmasını müasirləşdirib onların müasir analoqlarını İran, Şərq cəmiyyətində aşkarladı. "Müstəzaf" (ixtiyarsız qara kütlə) "müstəkbir" (istismarçı) qarşıdurmasını da Quran səhifələrindən götürüb onların üzərində öz dialektikasını qurdu. Dialektika isə düzgün təyin olunubsa cəmiyyətin, ictimai şüurun hərəkətə gəlməsi artıq zamanın ixtiyarındadır. Əli Şəriətinin bu qənaətləri şahla mübarizə aparan Qum mollalarının, şəxsən Xomeyninin diqqətindən yayınmadı. Şəriətinin fikirlərini özəlləşdirən mollalar hərəkətə keçib tez bir zamanda bütün Şərqdə inqilab, min bir təlatüm yaratdılar. Vaxtilə Avropa xristian inqilablarından, Reformatsiyadan keçdiyi kimi islam aləmi də öz dini inqilab dövrünü keçməyə başladı.
Əli Şəriətinin fəlsəfəsi isə çağdaş İranda dövlət tərəfindən hələ də qəbul edilmir.
Yox, mən burda islam inqilabına səsləmirəm, onsuz da xalqımız Güney misalında həmin təlatümdən artıq çoxdan keçib, day bu sahədə bizə, şükür, ehtiyac qalmayıb. Yəni biz istədik-istəmədik xalqımızın ən böyük hissəsi, mütləq əksəriyyəti onun qanlı təcrübəsindən keçib artıq. Bu yaxınlarda rus tədqiqatçısı Sergey Davıdovun İnternet səhifələrində çıxmış "Qafqaz qazavatının İran paralelləri" məqaləsində Güney Azərbaycanda islam inqilabının neyçün baş verdiyi tam düzgün şəkildə tədqiq olunub, gedib onunla tanış olmağınız hamıya məsləhətdir.
Demək istədiyim odur ki, dialektikanın cəmiyyətdəki yeri inkar olunmazdır. İstəyirsinizsə cəmiyyət inkişaf etsin, Axundovun antitezisi mütləq olmalıdır. Dialektika həmişə özü bütün mübahisələri həll edir. Tezislə antitezisləri düzgün təyin edin, Heydər Camalla Axundovun qarşıdurmasından düzgün nəticələr çıxarın. Bilin ki, Əli Şəriəti də Axundovun antitezisidir.
Bir də ki, siz gecikmisiz - Şərqin indi yeni Axundovu tapılıb - İran filosofu Əbdülkərim Siruşun simasında. O, K. Popper, B.Rasselə arxalanaraq çağdaş Şərqin rasionalizm fəlsəfəsini yaradır. Harvard Universitetinin ən mötəbər alimi hesab edilir, adı dünya mətbuatı səhifələrindən əskilmir. Çağdaş İran neofundamentalistlərin düşünən beyni Əhmədnecatın mənəvi atası Höccətül-islam Mispax Yəzdidirsə, islahatçılar qanadının zəkası Əbdülkərim Siruşdur. Yəni artıq Heydər Camalın, Əli Şəriətinin Şərqdə öz antitezisi var- Siruşun simasında. Dava indi onlar arasında gedir. Bütün dünya filosofları indi Mispaxla Siruşun fəlsəfi diskussiyalarına tamarzıdır, onlara diqqət verir. Özünüzü yormayın, Axundov, vallah, bu iş üçün çox köhnəlib.
Mübahisəyə səbəb olan məqaləmin bir cəhəti isə sonuncu filosofumuz barədəydi, nədənsə, əleyhdarlarım bu müddəamı mübahisəyə çəkmədilər. Tək mən deyil, Rusiyanın Kara-murza, Kaqarlitski, Qleb Pavlovski kimi tanınmış simaları da Heydər Camalı postsovet aləminin sonuncu filosofu sayır.
Məncə, bizim bu barədə fikrimizə artıq ehtiyac qalmayıb. Dünya fəlsəfə elmi bu adı həmvətənimiz, şuşalı Heydər Camal üçün çoxdan təsdiqləyib.
* * *
O ki qaldı, əleyhdarlarımın Şah İsmayılın ünvanına nifrinlər yağdırmağına, vallah, bu tarixi şəxsiyyətin müdafiəçilərə qətiyyən ehtiyacı yoxdur. Bircə qeydim var, özü də mən dediklərimin sizlərinkindən fərqi onların elmi mahiyyət daşımasındadır: Şah İsmayıl hərəkatı nəticəsində dünyada ilk dəfə heterdokslar ortodokslar üzərində qələbə çalaraq öz dövlətlərini yaratmışlar. Bu, dünya tarixində görünməmiş yenilik, ilk siyasi-dini modernizm nümunəsi sayılmalı, xalqımızın nə qədər yenilikçi, modernist təfəkkürə malik olmağına dəlalət etməlidir. Təəssüf ki, bunun cahanşümul əhəmiyyətini indiki soydaşlarımız lazımınca qiymətləndirmirlər.
Yenə də israrlıyam - əsl modernistik təfəkkür yalnız İmam Mehdi misteriyası üzərində yarana bilər!
Buna çatmaqdan ötrü isə insanda imanın olması gərəkdir.
Teizmi inkar edənlər bilsinlər ki, bu halda onlar Dostoyevski, Tolstoyu, Rafaeli, Makelandjelanı da inkar edirlər həm də.
Bu barədə də düşünsünlər bir azacıq. Mən ölüm, razılaşın ki, mədəniyyətimizin baş düşməni indi islam deyil, ağzına, ağlına gələni efirə buraxan mərkəzi telekanallarımızdır. Həə, bax orda heç bir islam yoxdur, siz deyən ateizm, cahiliyyədən başqa. Gedin teleaparıcı müəzzinlərinizin xütbələrinə qulaq asın, siz hara, elm hara?
